Əsas Səhifə > Şəhidlər > Vətən Sizinlə qürur duyur!
Vətən Sizinlə qürur duyur!19-08-2018, 10:06 |
Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd oğul və qızlarımız isə hər zaman qəlblərdə yaşayırlar. Çünki şəhidlər ölümləri ilə əbədilik qazanmış Vətən fədailəridir. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimizi, xalqın igid övladlarını dərin ehtiramla, böyük sevgi ilə yad etmək isə hər bir azərbaycanlının ən əsas vəzifəsidir.
Bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan və 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid vermişdir. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qazaxda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, öz şücayətləri ilə cəsarət simvoluna çevrilmiş igid oğul və qızlarımızın xatirəsi hər zaman uca zirvədə tutulur. Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş, şəhidlik adlı zirvəyə qanları ilə öz adlarını yazmış şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur. GOYEZEN.AZ saytı bu dəfə də ənənəsinə sadiq qalıb Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən - Şamoy Çobanovun, Qaratel Hacımahmudovanın, Cabir Hüseynovun, Seymur Əliyevin, Tavad Mustafayevin, Yavər Mirzəyevin, Faiq Əhmədovun, Eyvaz Nağıyevin əziz xatirələrini yad edir. Çobanov Şamoy Məhyəddin oğluÇobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Ağköynək kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. “Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. Hal-hazırda Ağköynək tam orta məktəbi onun adını daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda, şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var. Hacımahmudova Qaratel Şəmi qızıHacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Hüseynov Cabir Çərkəz oğluHüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artileriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur. Əliyev Seymur Rövşən oğluƏliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 2005-2006-cı illərdə şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbində təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Mustafayev Tavad Calal oğluMustafayev Tavad Calal oğlu 1957-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Kəmərli kənd tam orta məktəbində təhsil almışdır. 1975-1977-ci illərdə SSRİ-də hərbi xidmətdə olmuşdur. 1982-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra kənddə yaşayaraq sovxoz direktorunun sürücüsü işləmişdir. 15 avqust 2004-cü ildə rayonun Daş Salahlı kəndində posta qalxarkən minaya düşərək şəhid olmuşdur. Mirzəyev Yavər Abbas oğluMirzəyev Yavər Abbas oğlu 20 avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Mirzəyev Yavər Abbas oğlu 16 avqust 1993-cü ildə Fizuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin adını daşıyır. Subay idi. Əhmədov Faiq Nazim oğluƏhmədov Faiq Nazim oğlu 28 oktyabr 1969–cu ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evlidir. 2 qız övladı var. Ailəsi dövlət tərəfindən evlə təmin olunmuşdur. Nağıyev Eyvaz Alı oğluNağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə birinci sinfə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. Geri qayıt |