Əsas Səhifə > Şəhidlər > Şəhidlər unudulmur, onlar daim qəlblərdə yaşayırlar
Şəhidlər unudulmur, onlar daim qəlblərdə yaşayırlar22-07-2018, 15:31 |
Şəhidlərimizi tanıyaq-----------------------------------------Torpaq uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – bu isə vətənpərvərlikdir! Dahi şair Səməd Vurğunun bir kəlamında deyildiyi kimi: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..."
Bu gün nə xoşbəxt millətik ki, Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu yolda şəhidlik adlı uca bir zirvəyə adlarını öz qanları ilə yazmışlar. Bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 285 şəhid vermiş, onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bu gün həmin şəhidlərimizi tanıtmaq və gənclərimizi milli vətənpərvərlik ruhunda tərbiyə etmək, ən əsası da Vətənin göz bəbəyi kimi qorunmalı olduğunu gənc nəsilə çatdırmaq hər birimizin ən müqəddəs borcudur. Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan xüsusi diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Bir vətəndaş kimi Milli Qəhrəmanlarımızın, eləcə də bütün şəhidlərimizin anım və doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də onları gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Rayon rəhbərliyi tərəfindən Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması isə Qazaxda artıq bir ənənə şəklini alıb. Bu gün də Vətən uğrunda şəhid olmuş oğullarımızdan Arzu Nəbiyevin, İsmayıl Musayevin, Məzahir Barıyevin, Ruslan Hüseynovun, Yusif Ayvazovun anım, Xədicə Kazımovanın isə doğum günüdür. GOYEZEN.AZ saytı olaraq biz də həmin şəhidlərimizin ruhunu yad etmək və sizlərə tanıtmaq istədik. Nəbiyev Arzu Abdulla oğluNəbiyev Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır. Musayev İsmayıl Ürfət oğluMusayev İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər. Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Böyük Cəfərli və Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci il iyul ayının 20-də Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Barıyev Məzahir Məhəmməd oğluBarıyev Məzahir Məhəmməd oğlu 14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə məktəbi bitirmişdir. 1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur. Hüseynov Ruslan İsfəndiyar oğluHüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə hərbi xidmətə getmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur. Ayvazov Yusif Süleyman oğluAyvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1974-cü il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur. Kazımova Xədicə İsmayıl qızıKazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində şəhid olmuşdur. Geri qayıt |