Əsas Səhifə > Şəhidlər > 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan gizir Amid Məmmədovu ildönümündə ehtiramla anırıq
44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan gizir Amid Məmmədovu ildönümündə ehtiramla anırıqBu gün, 08:55 |
|
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------------
Noyabrın 4-ü 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin altıncı ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 6 il ötür. Bu gün Amid Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Amid Məmmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Amid kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Amid tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Dəfn olunduğu kənd qəbiristanlığının girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur. Yaşadığı evin önündə barelyefi vurulub. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Geri qayıt |