Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsini ehtiramla anırıq
Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ildönümündə əziz xatirəsini ehtiramla anırıqBu gün, 11:51 |
|
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------------
Oktyabrın 25-i 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin altıncı ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 6 il ötür. Bu gün Adil Əfəndiyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Adil Əfəndiyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Adil kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər Adil tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var. Ailəsinin təəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün müəllif Xuraman Yusif tərəfindən “O, bizim Adildi” adlı kitab yazılıb.
Geri qayıt |