Əsas Səhifə > Şəhidlər > Artıq 2 ildir ki, Azərbaycan xalqı 20 Sentyabrı - Dövlət Suverenliyi Günü kimi qeyd edir
Artıq 2 ildir ki, Azərbaycan xalqı 20 Sentyabrı - Dövlət Suverenliyi Günü kimi qeyd edirBu gün, 07:34 |
|
20.09.2024-cü ildə Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışı zamanı səsləndirdiyi “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi” dəyərli sözlərini bu gün də qürurla xatırlayırıq. Bu gün əminliklə deyə bilərik ki, Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Suverenlik dövlətin əsas xüsusiyyəti hesab edilmiş və dövlətin üstün və qeyri-məhdud səlahiyyətə malik olduğu güman edilmişdir. Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır. 30 ildən çox davam edən işğal hər kəsə yaxşı məlum idi. Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.
Suverenliyin təmin edilməsi üçün atılan ilk addım - Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. 44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Tərəflər arasında imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən – Laçın üzərindən qurmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi. Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi. “Qarabağ Azərbaycandır və nida işarəsi” - 2023-cü ilin antiterror əməliyyatı ilə öz təsdiqini tapdı. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir. Bakı Metropoliteninin yeni stansiyası - “20 Sentyabr” adlanır ki, bu da atılan nümunəvi addımlardan biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisindədövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılmışdır.
Geri qayıt |