Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq vətəndaşlıq borcumuzdur

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq vətəndaşlıq borcumuzdur


Bu gün, 10:51

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------

“VƏTƏN” bu müqəddəs söz hər birimiz üçün əzizdir, doğmadır. Çünki Vətən anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu, Vətəndir. Biz bu həyatda necəki, Allaha və valideynlərimizə borcluyuq, həmçinin Vətənə də borcumuz var. O borcu qaytarmaq üçün hər birimiz Vətən qarşısında müsəlləh əsgərlərik. Özümüzü dərk etdiyimiz andan etibarən doğma vətənimiz olan Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunması yolunda şəhidlik adlı zirvəni fəth etməyi gözə almalıyıq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı Vətən uğrunda həlak olan şəhidlərini, öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən gizir Elxan Civişovun, baş çavuş Ramin Hüseynovun, kiçik gizir Elcan Namazovun, əsgər Əvəz Məmmədovun, Rauf Budaqovun, gizir Müşfiq Məmmədovun, Şərif Quluyevin, İbrahim İbrahimovun, Qəhrəman Rəhimovun, Vüqar Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Gizir Civişov Elxan Mehdi oğlu

Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Baş çavuş Hüseynov Ramin Rövşən oğlu

Şəhid Hüseynov Ramin Rövşən oğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQ işləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən baş çavuş Hüseynov Ramin Rövşən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz baş çavuş Ramin Hüseynovun adı verilib.

Kiçik gizir Namazov Elcan Hidayət oğlu

Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunub.

Əsgər Məmmədov Əvəz Elnur oğlu

Şəhid Əvəz Məmmədov1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Budaqov Rauf Aliq oğlu

Budaqov Rauf Aliq oğlu 23 may 1986-cı ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam orta ümumtəhsil məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar.

Gizir Məmmədov Müşfiq Sabir oğlu

Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq “N” saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı" ordeni, Türkiyənin Bətər Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Quluyev Şərif Novruz oğlu

Quluyev Şərif Novruz oğlu 29 oktyabr 1963-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 3-cü sinifini bitirmişdir. 1974-cü ildə Barxudarlı kənd əsas məktəbin 4-cü sinifinə daxil olmuş, 1979-cu ildə Barxudarlı kənd əsas məktəbin 8-ci sinfini bitirmişdir. 1979-cu ildə Qazax rayon Texniki Peşə liseyinə daxil olmuş, 1982-ci ildə həmin liseyi bitirmişdir. 1982-1984-cü illərdə SSRİ silahlı qüvvələrində Xabarovsk vilayətində xidmət etmişdir. Qazax rayon Suvarma Sistemləri İdarəsində anbardar işləmişdir. 5 iyun 1992-ci ildə traktorla evinə gedərkən Qazax-Bala Cəfərli yolunda minaya düşmüşdür.

İbrahimov İbrahim Hətəm oğlu

İbrahimov İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş və 4-cü sinifə kimi oxumuşdur. 5-ci sinifdən 8-ci sinifə kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur. 1963-cü ildə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinifinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Rəhimov Qəhrəman Nuru oğlu

Rəhimov Qəhrəman Nuru oğlu 6 iyun 1971-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1978-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1988-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağrılmışdır. Rəhimov Qəhrəman Nuru oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Vəliyev Vüqar Eyyub oğlu

Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta ümumtəhsil məktəbdə təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, “Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur.


Geri qayıt