Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsinə ucalanlar unudulmur

Şəhidlik zirvəsinə ucalanlar unudulmur


Dünən, 09:32

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------

Vətənpərvərliyin ən ali məqamı - Şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, hər zaman şərəfli və örnək sayılır.Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərəcəklər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Mərfət Nəsibovun, Elmar Musayevin, Xəqani Sanıyevin, İqbal Axundovun, gizir Sadıq Namazovun, kiçik çavuş Elşad Yusifovun, çavuş Səlamət Həsənovun, Fərman Heydərovun, Rauf Budaqovun, kapitan Əmir İbrahimovun, Mehman Quliyevin, Mahmud Seyidovun, Əli Yunisovun əziz xatirəsini ehtiramla yad edirik.

Milli Qəhrəman Nəsibov Mərfət Əhməd oğlu

Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır.

2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin - Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir.

Musayev Elmar Xəlil oğlu

Musayev Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlir.

Sanıyev Xəqani Şəmsəddin oğlu

Sanıyev Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1976-1978-ci illərdə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedaqoji İnstitutun coğrafiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax rayonunun Ürkməzli kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.

Axundov İqbal Abdulməhəmməd oğlu

Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Namazov Sadıq Fərrux oğlu

Namazov Sadıq Fərrux oğlu 28 oktyabr 1963-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1991-1993-cü illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Namazov Sadıq Fərrux oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Kiçik çavuş Yusifov Elşad İbrahim oğlu

Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.

Çavuş Həsənov Səlamət Muxtar oğlu

Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızıl Hacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir.

Heydərov Fərman Alı oğlu

Heydərov Fərman Alı oğlu 29 iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 22 may 1995-ci ildə rayonun Xanlıqlar kəndində “Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır.

Budaqov Rauf Aliq oğlu

Budaqov Rauf Aliq oğlu 23 may 1986-cı ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1993-cü ildə Canalı kənd tam orta ümumtəhsil məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 4 iyun 2005-ci ildə Ağcəbədi rayonu ərazisində həqiqi hərbi xidmətdə olarkən şəhid olmuşdur. Ana və bacısı hazırda Sabirabad şəhərində yaşayırlar.

Kapitan İbrahimov Əmir Əsgər oğlu

İbrahimov Əmir Əsgər oğlu 1954-cü il sentyabr ayının 2-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il mayın 23-də Qazax rayonunda yerləşən “Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur.

Quliyev Mehman Allahverən oğlu

Quliyev Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.

Seyidov Mahmud Musa oğlu

Seyidov Mahmud Musa oğlu 12 avqust 1931-ci ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbində təhsil almışdır. Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Əlibayramlı kəndində 2 il sürücü işləmişdir. 1963-cü ildən 1985-ci ilə qədər Gürcüstan Respublikasının Rustavi şəhərində zavodda fəhlə birqadir işləmiş və təqaüdə çıxmışdır. 23 may 1993-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Yunisov Əli Talıb oğlu

Yunisov Əli Talıb oğlu 24 may 1967-ci il tarixdə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci ildən şəhid statusu verilib.


Geri qayıt