Əsas Səhifə > Şəhidlər > Bu gün Aprel şəhidi Orxan Əliyevin şəhadətə ucaldığı gündən 10 il ötür
Bu gün Aprel şəhidi Orxan Əliyevin şəhadətə ucaldığı gündən 10 il ötürDünən, 09:23 |
|
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan, bizim qalibiyyətimiz, zəfər salnaməmiz olan 2016-cı ilin Aprel döyüşlərini xalqımız bu gün də qürur hissi ilə xatırlayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi kimi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Bəli, bu gün fəxrlə deyə bilərik ki, dövlətimizin başçısının da dediyi kimi, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verildi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. 10 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada, Xankəndidə, Xocalıda və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğullarıdır.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur. Bu gün Orxan Əliyevin şəhadətinin 10-cu ildönümüdür. Aprel döyüşlərindən 10 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. GOYEZEN.AZsaytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb anım günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Orxan Əliyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Orxan kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Orxan tək oğullardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.
Geri qayıt |