|
Şəhidlərimizi tanıyaq və tanıdaq------------------
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olacaqdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul və qızlarımızı yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir.
Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənləri, şəhidlik zirvəsini fəth edənləri, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanları unutmamaq bizim mənəvi borcumuzdur.
“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.
Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Şamoy Çobanovun, Arif Məsmalıyevin, leytenant Rizvan Qasımovun, əsgər Elçin Qurbanovun, Ramin Əliquluyevin, Kamal Kazımovun, Rəsul Mirzəliyevin, Elman Musayevin, Ayaz Mehtiyevin əziz xatirəsini ehtiramla yad edirik.
Milli Qəhrəman Çobanov Şamoy Məhyəddin oğlu
Çavuş Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. “Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür.
Hazırda Ağköynək tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var.
2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. 2015-ci ildə üç igidin - Şamoy Çobanov, Mərfət Nəsibov və Rafiq Alıcanov haqqında “İZ Production” studiyası tərəfindən çəkilmiş “Ölümə qənşər” adlı sənədli-bədii filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilmişdir.
Məsmalıyev Arif Rəhim oğlu
Məsmalıyev Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1978-ci ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur.
Leytenant Qasımov Rizvan Eldar oğlu
Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Birinci Qarabağ müharibəsində Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir.
Əsgər Qurbanov Elçin Məcid oğlu
Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır.
Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. “N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıilə təltif olunmuşdur.
Əliquluyev Ramin Eldar oğlu
Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.
Kazımov Kamal Abdulla oğlu
Kazımov Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmiş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Mirzəliyev Rəsul Məmmədyar oğlu
Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Alpout kənd tam orta ümumtəhsil məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.
Musayev Elman İmran oğlu
Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. “Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.
Mehtiyev Ayaz Oruc oğlu
Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.
Geri qayıt
|