Əsas Səhifə > Şəhidlər > Bu gün Milli Qəhrəman Aqil Musayevin doğum günüdür

Bu gün Milli Qəhrəman Aqil Musayevin doğum günüdür


Dünən, 10:27

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


İgid, mərd, qorxmaz, qəhrəman oğullarımızın ucaldığı Şəhidlik zirvəsi elə bir uca zirvədir ki, Vətən uğrunda canını qurban verib bu zirvəni fəth edənlər bizim aramızda olmasalar da ürəklərimizdə əbədi yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan Milli Qəhrəman Musayev Aqil Hüseyn oğlunun əziz xatirəsini ehtiramla yad edirik. Bu gün yaşasaydı 51 yaşı tamam olacaqdı Milli Qəhrəmanımızın. O, bizim qəlbimizdə əbədi yaşayacaq, əziz xatirəsi illər ötsə belə daim ehtiramla anılacaq.

Çavuş Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1982-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə 11-ci sinifini bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına şəhid oldu. Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Hüseynbəyli kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri şəhidimizin adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.


Geri qayıt