Əsas Səhifə > Şəhidlər > Şəhidlərə ehtiram

Şəhidlərə ehtiram


6-10-2016, 10:47
]

Qazax şəhərində aprel döyüşü şəhidlərinin xatirəsinə tikilmiş bulaqlar bu ehtiramın ən gözəl nümunəsidir


Şəhidlərə ehtiram
“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” - deyirlər. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub hər zaman. Neçə-neçə igidlər torpağı uğrunda qəhrəmancasına vuruşub, ölümün gözünə dik baxaraq öz yolundan geri dönməyib.

Bəli, torpaq uğrunda minlərlə igid oğullarımız öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. Öz torpaqlarını qanları bahasına qoruyub. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib. Neçə ana oğulsuz, neçə körpə atasız, neçə ev başsız qalıb. Neçə canlar fəda edilib Vətən uğrunda.

Bu gün qəbiristanlıqlarda çoxlu sayda şəhidlərimiz uyuyur. Onlar bu gün bizlərlə olmasa da, əziz və müqəddəs ruhları hər zaman bizimlədir. Onların ruhuna hörmət etmək, əziz xatirələrini daim yad etmək isə bizim hər birimizin vətəndaş kimi ən ümdə borcumuzdur.
Şəhidlərə ehtiram
Öz həyatlarını qurban verən şəhidlərimizə olan hörmət hissi ilk olaraq şəhidlər qəbiristanlığından, onların uyuduğu məkandan başlayır. Bəli, ilk üz tutacağımız məkan, ziyarət edəcəyimiz ünvan onların qəbirləri olur.

Şəhidlərimizi ziyarət etmək üçün Qazaxda daha bir ünvan var. Şəhidlərimizin adlarını əbədiləşdirən, daim yaddaşlara həkk edən, onların əziz xatirəsini uca tutan bulaqlar. Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə çəkilmiş bulaqlar bunun ən bariz nümunəsidir.
Şəhidlərə ehtiram
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən qısa zaman kəsiyində inşa olunan bulaqlar artıq rayon sakinlərinin istifadəsinə verilib. Şəhərin əsas hissəsində - Heydər Əliyev prospektində tikilən bu bulaqlar hər bir rayon sakini tərəfindən razılıq hissi ilə qarşılanır.

Bu gün həmin bulaqların qarşısından minlərlə insan keçir, suyundan içir. Bulağı tikənə sonsuz minnətdarlıq hissi bildirir, adını daşıyanlara isə Allahdan rəhmət diləyirlər.

Şəhidlərin valideynləri, doğmaları, yaxınları, bir sözlə, bütün qazaxlılar bu müqəddəs bir işi yerinə yetirdiyi, bulaqlar tikdirdiyi üçün rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova sonsuz minnətdarlıqlarını bildirirlər.

Geri qayıt