Əsas Səhifə > Şəhidlər > Qazaxda qəhrəman Vətən oğulları məzarları başında ehtiramla anılıb
Qazaxda qəhrəman Vətən oğulları məzarları başında ehtiramla anılıb26-09-2025, 09:02 |
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizdən artıq 5 il ötməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Bu, o qələbədir ki, başlanğıcını 27 sentyabrdan götürdü və 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Ölkə Prezidentinin “Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Bütün dünyaya isə Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər. Həmçinin, 44 günlük müharibədə qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında şücaət göstərərək şəhidlərimizin qisasını da aldılar, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailələrini daim diqqət mərkəzində saxlayır. Hər il olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü ərəfəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımız unudulmayıb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib. İcra başçısı şəhər, eləcə də rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Cəfərli kənd qəbiristanlıqlarında uyuyan qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub. “Ölkə Prezidenti şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir. Hər zaman olduğu kimi, bu gün də özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Onların ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qeyd ediblər. Sağlığında “Zəngilanın azad olunmasına görə” medalı, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Kəmərli kəndinin igid oğlu şəhid baş gizir Məmmədov Azər Mustafa oğlunun məzarını ziyarət Sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Kəmərli kəndinin igid oğlu şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kəndinin igid oğlu əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin igid oğlu kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kəndinin igid oğlu leytenant Yaqubov Mayis Rəhim oğlunun məzarını ziyarət Sağlığında “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlunun məzarını ziyarət
Daş Salahlı kəndinin igid oğlu Süleymanov Süleyman Elçin oğlunun məzarını ziyarət Daş Sahahlı kənd Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kəndinin igid oğlu leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarını ziyarət
Geri qayıt |