Əsas Səhifə > Şəhidlər > Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq
Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaqDünən, 11:24 |
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------- Özlərinə əbədiyyət heykəli ucaldan Şəhidlərimiz, igid Vətən oğulları xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq və daim xatırlanacaqlar. Neçə illər keçsə də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Onların Vətəninə, xalqına, millətinə olan sevgisi, ölümün gözünə dik baxaraq şəhid olmaq istəkləri hər zaman yaddaşlara dərin izlərlə həkk olunacaqdır. Dövlət-ordu-xalq birliyi hər zaman tam olsun deyə düşmən gülləsinə sinə gərən oğullarımız nəinki indiki, eləcə də gələcək nəsillər üçün örnək olacaqdır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Araz Məmmədovun, Şərifə Talıbovanın, Nüsrəddin Pirvəliyevin, Tural Məmmədovun, İsmandiyar Mürsəlovun, Şərif Namazovun, İlham İsmayılovun, gizir Elvin Əhmədovun, gizir İlham Şəmşiyevin, baş çavuş Ramin Hüseynovun, əsgər Fərid Nəbiyevin, əsgər Akşin Nəsibovun, Əmrah Vəliyevin əziz xatirəsini ehtiramla yad edirik. Məmmədov Araz Misir oğlu Məmmədov Araz Misir oğlu 15 sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1998-ci ildə məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Talıbova Şərifə Qəfər qızı Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. Məmmədov Tural Elxan oğlu Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif “N” saylı hərbi hissələrində xidmət edən, “Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun “Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz -Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Qazax-Yuxarı Əskipara avtomobil yolunun kənarında şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub. Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Mürsəlov İsmandiyar Musa oğlu Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1948-ci ildə həmin məktəbin 7-ci sinifini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur. Namazov Şərif Yolçu oğlu Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin 1-ci sinifinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəli idi. 2 övladı var. İsmayılov İlham Məhəmməd oğlu İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağırılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var. Gizir Əhmədov Elvin Qələndər oğlu Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı. Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib. Gizir Şəmşiyev İlham Şakir oğlu Gizir Şəmşiyev İlham Şakir oğlu 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2003-cü ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə gizir hərbi rütbəsində xidmətini davam etdirib. Şəmşiyev İlham Şakir oğlu 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı N saylı Komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20.09.2023-cü il tarixdə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Şəmşiyev İlham Şakir oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir İlham Şəmşiyevin adı verilib. Baş çavuş Hüseynov Ramin Rövşən oğlu Şəhid Hüseynov Ramin Rövşən oğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQ işləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən baş çavuş Hüseynov Ramin Rövşən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz baş çavuş Ramin Hüseynovun adı verilib. Əsgər Nəbiyev Fərid Kamran oğlu Nəbiyev Fərid Kamran oğlu 1 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2021-ci ildə hərbi xidməti başa vurmuşdur. 2021-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində MAHHXHQ işləyirdi. Orta təhsilli idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz Fərid Nəbiyevin adı verilib. Əsgər Nəsibov Akşin Vasif oğlu Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib. Vəliyev Əmrah İsgəndər oğlu Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Geri qayıt |