Əsas Səhifə > Şəhidlər > Artıq xalqımız 20 sentyabr tarixini Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edir
Artıq xalqımız 20 sentyabr tarixini Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edir19-09-2025, 08:27 |
|
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Həmin paradda Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”. Qarabağ Universitetinin yaradılması ölkəmizin tarixində mühüm hadisə oldu. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
Ağdərə rayonunun yaradılmasına gəlincə 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərlərini xalqımız qürurla izləyir. 15.10.2023-cü il tarixli səfərdə dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılıb. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə baxış keçirib. 08.11.2023-cü il tarixli səfər zamanı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. 21.12.2023-cü ildə Xankəndidə “Qarabağ”-MOİK oyunu oldu. 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş keçirildi. 07.02.2024-cü il tarixli səfərdə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər. 18.03.2024-cü il tarixli səfərdə Xankəndi şəhərində Novruz tonqalı alovlandırılıb. 05.07.2024-cü il tarixli səfər Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanışlıq, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı, Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi, Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışı ilə yadda qaldı. 19.09.2024-cü il tarixli səfər Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq, Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı, Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıqla yaddaşlara yazıldı. 20.09.2024-cü il tarixli səfərdə Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı, Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu. 19.02.2025-ci il tarixli səfər Xankəndidə “Bulud” hotelinin açılışı, Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıqla əlamətdar oldu. 03-04.07.2025-ci il tarixli səfər zamanı Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi, Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanışlıq oldu. İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib. “Xankəndi” Biznes Mərkəzinin, Xankəndi Konqres Mərkəzinin açılışı, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış, Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq oldu. İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib, İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb. Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib.
19.07.2025-ci ildə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş olub. 14.09.2025-ci il tarixli səfər Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı ilə yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocavəndə səfərləri də qürurvericidir. 14.01.2021-ci il tarixli səfər Xocavənd rayonunun Böyük Tağlar kəndi ilə tanışlıq, 15.03.2021-ci il tarixli səfər Edilli və Düdükçü kəndləri ilə tanışlıq, Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Hünərli kəndində qədim Alban məbədinə baxış, Tuğ kəndində dağıdılmış məktəb binasına baxış, Tuğ kəndinin mərkəzi ilə tanışlıq, Tuğ kəndində qədim Alban məbədinə baxış, Azıx kəndində Azıx mağarası ilə tanışlıqla yaddaşlara həkk olundu. 14.06.2021-ci il tarixli səfərdə Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi oldu. 09.10.2021-ci il tarixli səfərdə Hadrut qəsəbəsində yeni məscidin təməlqoyma mərasimi, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq, “Hadrut” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş, rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndi ilə tanışlıq oldu. 24.12.2021-ci il tarixli səfərdə Hadrut qəsəbəsində hərbi hissənin açılışı oldu. 15.10.2023-cü ildə Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. 20.12.2023-cü ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və rayonun Şıx Dursun kəndinə baxış keçirilib.
05.05.2023-cü ildə Tuğ kəndində İnzibati Mərkəzin təməlqoyma mərasimi, Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq, Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub, Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib. Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 14.09.2025-ci il tarixli səfər Xocavənd rayonunun Hadrut qəsəbəsində məscidin açılışı, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşlə yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalıya səfərləri hər kəsi qürurlandırır. 20.07.2023-cü il tarixli səfər zamanı Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndləri ilə tanışlıq oldu. 15.10.2023-cü ildə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Əsgəran qalasına və əraziyə baxış keçirilib.
20-22.12.2023-cü il tarixli səfər Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış, Xocalı rayonunun Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad, Pirlər kəndlərinə baxışla əlamətdar oldu. 26.02.2024-cü il tarixli səfərdə Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü oldu. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 28.05.2024-cü il tarixli səfər zamanı Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq, Xocalı şəhərinə köçən sakinlərlə görüş, 05.07.2024-cü il tarixli səfər zamanı Xocalı hava limanına baxış oldu. 18-19.02.2025-ci il tarixli səfərdə Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq, Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, kəndə köçən bir qrup sakinlə görüş oldu.
09.05.2025-ci il tarixli səfərdə “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı oldu. 18.07.2025-ci il tarixli səfər zamanı Xocalının Təzəbinə kəndində görülən işlərlə tanışlıq, Xocalı kərpic zavodunun açılışı və Xocalının Xanyurdu kəndində sakinlərlə görüş oldu. 15.09.2025-ci il tarixli səfər Xocalının Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş oldu. Xocalının Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında görülən işlərlə tanışlıq oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri də xalqımıza qürur dolu anlar bəxş edir. 15.10.2023-cü ildə Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. 18.03.2025-ci ildə Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışı oldu. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmə mərasimi olub, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışı olub. 21.08.2025-ci il tarixli səfər zamanı Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq oldu. Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş keçirildi.
Geri qayıt |