Əsas Səhifə > Rəsmi > Maarifləndirmə tədbiri keçirilib
Maarifləndirmə tədbiri keçirilib29-09-2016, 22:30 |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tədbir keçirib. Tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlər, onların ailə üzvləri iştirak edib.
Birliyin Qazax rayon şöbəsinin sədri Xasay Balayev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlamış, keçirilən tədbirə və göstərilən diqqətə, qayğıya görə rayon veteranları adından minnətdarlığını bildirib. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək rayonumuzda Qarabağ müharibəsi veteranlarına, şəhid və məcburi köçkün ailələrinə hər zaman diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, bu statusdan olan insanlara rayon rəhbərliyi hər zaman qayğı ilə yanaşaraq onların problemləri ilə maraqlanır, hər cür dəstək göstərir. Şəhidlərimizə göstərilən diqqətin ən bariz nümunəsi onların uyuduğu qəbiristanlıqların səliqə-sahmana salınması, qəbir daşlarının bərpa olunmasıdır. Demək olar ki, şəhər qəbiristanlıqları ilə yanaşı, bütün kənd qəbiristanlıqları da diqqətdən kənarda qalmır. Bu gün isə qazaxlılar üçün daha əlamətdar bir gündür. Belə ki, rayonumuzda aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsini əbədləşdirmək məqsədilə onların adına bulaqlar tikilmiş və bu gün həmin bulaqların açılışı olmuşdur. Bu, rayon rəhbərliyinin şəhidlərimizə olan hörmətinin, ehtiramının ən böyük təcəssümüdür. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək keçirilən tədbirin məqsəd və vəzifəsindən danışıb. Qeyd edib ki, bu tədbirin əsas məqsədi şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər haqqında məlumat vermək, müharibə statusu olan insanlara işə qəbul qaydalarını öyrətmək, gələcəkdə onların alacağı əmək pensiyalarına bunun əhəmiyyətini çatdırmaq, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün qanunda nəzərdə tutulmuş qaydaları öyrətməkdir. Birliyin mərkəzi nəzarət təvtiş komissiyasının sədri Ariz Məmmədov tədbirdə çıxış edərək ictimai birlik tərəfindən həyata keçirilən layihələrdən, təlimlərdən söz açmış, təlim nəticələrinin dinləyici tərəfindən fərdi qiymətləndirmə qaydalarından danışıb. Sonra Qarabağ müharibəsi veteranları çıxış edib, onları maraqlandıran suallar, arzu və istəklər səsləndirilib. Geri qayıt |