Əsas Səhifə > Rəsmi > Bu gün qazaxlıların fəxri, millət vəkili Səməd Seyidovun doğum günüdür
Bu gün qazaxlıların fəxri, millət vəkili Səməd Seyidovun doğum günüdür18-01-2025, 11:33 |
Qərbin qapısı kimi tanınan Qazax eli nəinki sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb, eyni zamanda, bu yurd yetirdiyi tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri, dövlətinə, xalqına, yurduna cani könüldən bağlı olan, doğma Vətəni üçün əlindən gələni əsirgəməyən vətənpərvər oğulları, dəyərli ziyalıları ilə də səs salıb dörd bir yana. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda sayılıb-seçilən ziyalılarımız çoxdur. Seyidov Səməd İsmayıl oğlu! Bu ad hər birimizə, doğma qazaxlılarımıza çox əzizdir. Çünki Səməd müəllim bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, hər zaman öz xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, doğma qazaxlılarına, elinə-obasına xidməti özünün həyat amalına çevirən dəyərli ziyalılarımızdandır. 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov sadalamadıqlarımız digər müsbət keyfiyyətlərinə görə hər zaman seçilməyi bacarıb. Bəli, Səməd Seyidov o ziyalılarımızdandır ki, Vətənini, xalqını, millətini, doğma el-obasını layiqincə təmsil etməyi, ölkəsi uğrunda mübarizə aparmağı özünün həyat amalı, iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri kimi təmsil etdiyi bütün beynəlxalq tədbirlərdə, keçirilən görüşlərdə qılıncdan iti olan dəyərli sözləri, çıxışları ilə ölkəmizin ünvanına böhtan atan dövlətlərin, mənfur düşmənimiz olan ermənilərin layiqli cavabını verir, onlara yerlərini göstərərək kim olduqlarını hər zaman sübut edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində qalib olan Azərbaycanın haqq səsini beynəlxalq kürsülərdə bütün dünyaya daha gur səslə çatdırmaq üçün gecə-gündüz bilmədən çalışır, bu sahədə uğurlara imza atır. Bu gün, yanvarın 18-i dəyərli ziyalımızın doğum günüdür. 61 yaşı tamam olur. Bu gün Səməd müəllim doğum gününü müstəqil, suveren, ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Qələbə qazandığı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə, Xocalıya, 2024-cü ildə doğma Qazaxının 4 kəndinə - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinə qovuşan qalib ölkənin vətəndaşı, qazaxlı olaraq qürurla qeyd edir. Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi, yazarlarımızı, ziyalılarımızı daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb dəyərli ziyalımızı təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov millət vəkili, professor Səməd Seyidovu doğum günü, 61 illiyi münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib, dəyərli ziyalımıza cansağlığı arzulayıb və ən xoş arzularını çatdırıb. Ürəyi Qazaxla döyünən, hər zaman qazaxlıların, şəhid ailələrinin, qazilərimizin, qayğıya ehtiyacı olan insanların yanında olan millət vəkilinə müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona uğurlar arzu edib. Seyidov Səməd İsmayıl oğlu 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur. Azərbaycan Dillər Universitetinin rektoru (2000-2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. Səməd Seyidov 18 yanvar 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998-2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir. Səməd Seyidovun ictimai-siyasi fəaliyyətinə gəlincə o, 1994-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. İkinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2003–2005, 2007–2009, 2011–2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 2024-cü ilin oktyabrında Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri təyin olunub. Mükafatlarına gəlincə o, 2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müstəsna roluna görə Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilmişdir. 2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir. 2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur. 2018-ci ildə "Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı" ilə təltif edilmişdir. 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilmişdir. 2024-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. Evlidir, 2 övladı var. Geri qayıt |