Əsas Səhifə > Rəsmi > Bu gündən Bakı Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir
Bu gündən Bakı Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir2-12-2024, 14:48 |
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Ölkə başçısının söylədiyi kimi, “"ASAN xidmət” Azərbaycan məhsuludur. Azərbaycan ixtirasıdır. Azərbaycan brendidir”. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar. Bakı Səyyar “ASAN xidmət”in nümayəndələri 2 dekabr 2024-cü il tarixdən 20 dekabr 2024-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 109 ünvanında ("Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinin qarşısı) əhaliyə səyyar xidmətlər göstərəcəklər. 19 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Sevindirici haldır ki, ilk gün olmasına baxmayaraq sakinlər fəallıq göstərirlər. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndirirlər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırırlar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab edirlər. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), 2-27 sentyabr 2024-cü il (26 gün), Bakı Səyyar “ASAN xidmət” avtobusu isə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün), 2-29 aprel 2024-cü il (28 gün), 2-31 iyul 2024-cü il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.
Geri qayıt |