Əsas Səhifə > Rəsmi > Füzuli rayonunun işğaldan azad olunduğu 17 oktyabr tarixini xalqımız qürurla xatırlayır

Füzuli rayonunun işğaldan azad olunduğu 17 oktyabr tarixini xalqımız qürurla xatırlayır


Dünən, 09:50


2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanı tanıdı. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. 17 oktyabr - Füzuli Şəhəri Günü kimi əlamətdardır. Qürurverici olan odur ki, artıq xalqımız ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamına  əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. 

Füzulinin coğrafiyasına nəzər yetirsək görərik ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir.

Tarixi faktlar onu sübut edir ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 

Acı tarix isə bu gün də unudulmur. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

22 yaşayış məntəqəsinin işğaldan azad olunması əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Rayonun işğaldan azad olunmasına gəlincə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Mühüm əhəmiyyət kəsb edən döyüşlərə nəzər yetirsək görərik ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.


Qəhrəman Ordu hesab edilən Azərbaycan Ordusu 44 günlük haqq savaşında şanlı tarix yazdı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. 

Dostluq rəmzi olaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Bu gün qürurla söyləyə bilərik ki, Füzuli rayonunun yeni inkişaf dövrü başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri əlamətdar günlər kimi xalqımızın, füzulililərin yaddaşına əbədi həkk olunur.

16.11.2020-ci il tarixli səfərdə Füzuli şəhərində Azərbaycan Bayrağı ucaldıldı, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi oldu. 

14.01.2021-ci il tarixli səfər zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. 

14.02.2021-ci il tarixli səfər Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi ilə yaddaşlara yazıldı.

15.03.2021-ci il tarixli səfərdə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi oldu.

14.06.2021-ci il tarixdə baş tutan səfərdə Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri və Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq oldu. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması mərasimi ilə əlamətdar oldu.

29.08.2021-ci il tarixli səfər Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıqla yadda qaldı.

17.10.2021-ci il tarixli səfərdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu. Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimləri oldu.

26.10.2021-ci il tarixli səfər zamanı cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. 

10.05.2022-ci il tarixli səfərdə Peşə Liseyinin təməlqoyma mərasimi keçirildi. 

26.05.2022-ci il tarixli səfər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıqla yadda qaldı.

27.09.2022-ci il tarixli səfərdə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti şəhidlərimizə olan ehtiramın ifadəsi oldu.

07.11.2022-ci il tarixli səfərdə Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq oldu.

05.05.2023-cü il tarixli səfərdə Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyuldu. Füzuli-Hadrut avtomobil yolunun, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı oldu. Füzuli yaşayış kompleksinin tikintisinin və Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.

23.08.2023-cü il tarixli səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması ilə yadda qaldı. Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə, Füzuli şəhərinin Baş planı ilə tanışlıqla yaddaşlara həkk olundu.

16.10.2023-cü il tarixli səfər Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlqoyma mərasimləri ilə əlamətdar oldu.

17.10.2023-cü il tarixli səfər “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş yaddaşlara unudulmaz anlarla yazıldı.

08.11.2023-cü il tarixli səfərdə Qarğabazar kəndinin təməlqoyma mərasimi oldu.

12.03.2024-cü il tarixdə Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli rayonuna birgə səfəri baş tutdu. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi və Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq oldu. 

25.04.2024-cü il tarixdə Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olmuş Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Füzuli rayonuna birgə səfəri oldu. Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq oldu. 

11.05.2024-cü il tarixli səfərdə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi keçirildi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanışlıq, birinci tunelin açılışı oldu. 

17.05.2024-cü il tarixdə Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət səfərində olmuş Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun birgə səfəri oldu.


Geri qayıt