Əsas Səhifə > Rəsmi > Qazaxda növbəti maarifləndirici görüş Hüseynbəyli kəndində keçirilib

Qazaxda növbəti maarifləndirici görüş Hüseynbəyli kəndində keçirilib


10-09-2024, 16:01


Hər kəsə yaxşı məlumdur ki, intihar qorxulu və ağrılı mövzu olaraq son dövrlər dünyanı narahat edən, ictimai rəydə həyəcan doğuran qlobal ictimai bəlaya çevrilərək həyatımıza daxil olur. İntihar hadisəsini müzakirə etmək heç də xoş və asan deyil. Bununla belə, intihar bütün zamanların ciddi problemi olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 min insan intihar edir, hər 40 saniyədən bir kimsə öz həyatına son qoyur. Ciddi sosial problem olan intiharın cəmiyyətin psixoloji durumuna mənfi təsiri böyükdür. Təəssüf ki, son zamanlar Azərbaycan cəmiyyəti intiharla bağlı xəbərlərlə daha çox üzləşir. Qəzetlər, jurnallar və xüsusilə sosial şəbəkələr intiharla bağlı məlumatlarla doludur. 

Sentyabrın 10-da Qazaxda intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edən  növbəti maarifləndirici görüş Qazax rayonunun Hüseynbəyli kəndində keçirilib. Sakinlərlə keçirilən görüşdə intiharın baş vermə səbəbləri, acı fəsadları, intihar hallarının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirləri müzakirə olunub. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Polis şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon İdarəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, müxtəlif yaş təbəqələrindən olan kənd sakinləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. K.Cəfərova intihar halları barədə ümumi məlumat verərək, bu yolun doğru seçim yolu olmadığını və insanların yaşamasına çətinlik yaradan situasiyalardan çıxış yolu tapmaq üçün mübarizə aparmalarını, baş vermiş çıxılmaz vəziyyətlərdə daha məntiqli addımlar atmaq və ruhsal neqativ hallardan xilas olmaq üçün intihara qərar vermək əvəzinə psixoloqa müraciət etməyi tövsiyə olaraq auditoriyanın nəzərinə çatdırıb. K.Cəfərova ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə ardıcıl islahatların aparılmasını, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasını, əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Son illər dünyada ən ciddi sosial mövzulardan biri olan intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. Belə halları doğuran səbəb və şəraitin araşdırılması məqsədilə prokurorluq tərəfindən aparılmış elmi-nəzəri və praktiki təhlillərlə intihar hadisələrinin baş verməsinə əsasən psixopatoloji və sosial faktorların səbəb olduğu müəyyənləşdirilib. Müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. K.Cəfərova bugünkü tədbirin əsas məqsədinin intihar hadisələrinin baş verməsini minimuma endirməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə maarifləndirici görüş keçirmək, bu sahədə dövlət tərəfindən görülmüş işləri diqqətə çatdırmaq olduğunu qeyd edib. K.Cəfərova çıxışı zamanı intiharın dövrün aktual problemi olduğunu qeyd edərək, müxtəlif yaş dövrlərində baş verən intiharlar və onun psixoloji səbəbləri, rayon üzrə 2024-cü ilin cari dövründə baş verən intihar hadisələrinin yaş qruplarına görə təsnifatı, intiharın mahiyyəti, səbəbləri, intihara cəhd edən insanın davranışı və psixoloqiyası barədə ətraflı məlumat verib. O, çıxışında cəmiyyətdə intiharlara münasibət, risk qrupları, intihara cəhd edən insanla ünsiyyət zamanı xüsusi davranış qaydalarından və psixoloji yardımın xüsusiyyətlərindən danışaraq, intiharın kökündə daha çox psixoloji problemlərin, sosial və iqtisadi məsələlərin dayanmasını, insanların psixoloji ehtiyaclarının tam ödənilməməsini, tükənməklik sindromu, laqeyidlik, sevgi qıtlığı və s. kimi amillərin dayandığını diqqətə çatdırıb. Belə hadisələrin qarşısının alınmasında ilkin amil kimi insanın psixoloji ehtiyaclarının ödənilməsi, insanların sosial mühit tərəfindən (ailə, işlədiyi kollektiv, dostları, təhsil aldığı mühit) dəyərləndirilmə, diqqət önəmliliyi, insanlara anlayışla yanaşılma və s. amillərin olmasını söyləyib. K.Cəfərova eyni zamanda, yeniyetmələrlə-valideyn münasibətlərinin düzgün qurulması, onları dinləmək, maraq və qabiliyyətlərinə, potensialına dəyər verərək, şərait yaratmaq, səhvlərinə görə üstünə getməmək, anlayışla izahını vermək kimi amillərin olduğunu auditoriyanın diqqətə çatdırıb. Ahıl, yaşlı xəstə insanların intihar səbəbinin kökündə özünü həmin ailədə lazımsız varlıq kimi hiss etməsinin dayandığını vurğulayaraq bu kateqoriyadan olan insanlara xüsusi sevgi və diqqət ayırmağın vacibliyini ön plana çəkib. İntihar hallarının qarşısının alınması ilə bağlı lazımi psixo-profilaktik tövsiyələr verib.


DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov çıxış edərək intihar və intihara cəhd hallarını xoşagələməz hadisə kimi dəyərləndirib, bu cür hallara yol verilməməsi üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu bildirib. İstər adi vətəndaş olsun, istərsə də hər hansı bir sahədə çalışan şəxs olsun, onların intihar etməsinin heç də yaxşı hal olmadığını, törətdikləri əməllərinin ölkəmizə, çalışdıqları qurumlara mənfi təsir göstərdiyini vurğulayaraq, dövlətin yürütdüyü siyasətə qarşı hər bir ölkə vətəndaşını məsuliyyətli olmağa çağırıb. Natiq çıxışı zamanı ətrafda intihar hallarına meyilli olan, intihar edəcəyini söyləyən şəxslər barədə məlumat öyrəndikdə və yaxud müşahidə etdikdə biganə qalmamağı, həmin şəxslərin yaxınlarına, aidiyyəti qurumlara məlumat verməyi, bir insanın həyatını xilas etməklə vətəndaşlıq borcunu yerinə yetirməyi tövsiyə edib. 


Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, intihar və intihara cəhd hallarının qarşısını almaqda hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü söyləyib. O, yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Natiq ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.

Qazax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Ramin Sadıqov çıxışında bildirib ki, bu gün intiharların artmasının səbəblərindən biri də bu mövzunun KİV-də aktuallığıdır. Mətbuatda intiharın azalması üçün təbliğat aparılsa da, onun çoxalma halları daha da artır. Çünki bu mövzu üzrə doğru maarifləndirmə istiqaməti mövcud deyil. Bu kateqoriyaya aid cinayətin iştirakçıları, xüsusən də yeniyetmə yaş dövründə olanlar KİV-də adlarının çəkilmə­si, şəkillərinin yayılması ilə diqqət mərkəzində olduqlarını, tanınmaq istədiklərindən intihara əl atırlar. R.Sadıqov qeyd edib ki, əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri Nəzrin Əliyeva çıxışı edərək bildirib ki,  son vaxtlar əhali arasında intihar, özünə qəsd etmə hallarında müşahidə edilən artım bu mövzuda daha çox maarifləndirici tədbirlərin keçirilməsinə zərurət yaradır. Bu hallar posttravmatik stress pozğunluğu, şizofreniya, şəxsiyyət pozğunluğu, bipolyar pozğunluqlar, depressiya, stres kimi psixatrik xəstəliklərin fonunda yarana bilir. Bu vəziyyətlə qarşılaşan zaman ilk öncə həmin şəxsə edə biləcəyimiz ilkin yardım təcili tibbi yardım çağırmaq, mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya çatdırmaqdan ibarət olmalıdır. O, auditoriyaya müraciət edərək bildirib ki, həkimlərə intihar edən şəxs barədə verilən dolğun, ətraflı məlumat xəstənin həyatının xilas olunmasında böyük əhəmiyyət kəsb edir və belə hallara rast gəlinərsə, dərhal  təcili yardıma müraciət edilib, müvafiq orqanlar hadisə ilə bağlı məlumatlandırılmalıdır.


Uzun müddət məktəb direktoru işləmiş, təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova çıxış edərək hər hansı bir kiçik məsələyə, çətinliyə görə insanların intihara əl atmasını, öz həyatlarına qəsd etməsini xoşagəlməz hal kimi qiymətləndirərək bu cür insanlarla rastlaşdıqda onlara dəstək olmaqla, onlarla maarifləndirici söhbət aparmaqla bu kimi hadisələrin qarşısını almağın mümkün olduğunu söyləyib. Bu işdə hər kəsə səfərbər olmağı, valideynlərə uşaqları ilə düzgün ünsiyyət qurmağı tövsiyə edib. 

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.



Geri qayıt