Əsas Səhifə > Rəsmi > Qazaxda intihar və intihara cəhd hallarının qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib

Qazaxda intihar və intihara cəhd hallarının qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib


12-08-2024, 21:52


Hər kəsə yaxşı məlumdur ki, intihar dünyanı narahat edən, son vaxtlar isə ictimai rəydə həyəcan doğuran çox mürəkkəb qlobal ictimai bəladır. İntihar qorxulu və ağrılı mövzudur. Onu müzakirə etmək heç də xoş və asan deyil. Bununla belə, intihar bütün zamanların ciddi problemi olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 min insan intihar edir, hər 40 saniyədən bir kimsə öz həyatına son qoyur. Ciddi sosial problem olan intiharın cəmiyyətin psixoloji durumuna mənfi təsiri böyükdür. Təəssüf ki, son zamanlar Azərbaycan cəmiyyəti intiharla bağlı xəbərlərlə daha çox üzləşir. Qəzetlər, jurnallar və xüsusilə sosial şəbəkələr intiharla bağlı məlumatlarla doludur.

Avqustun 12-də Qazaxda intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair sakinlərlə maarifləndirici görüş keçirilib.

Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində keçirilən görüşdə intihar hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Prokurorluğunun, Rayon Polis şöbəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil SektorununQazax-Tovuz Regional  Gənclər və İdman İdarəsinin əməkdaşları, qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 



Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Ülviyyə Orucova tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ü.Orucova Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparılmasını, vətəndaşların maddi rifah halının yaxşılaşmasını, əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Ü.Orucova qeyd edib ki, son dövrdə dünyada ən ciddi sosial mövzulardan biri olan intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Belə halları doğuran səbəb və şəraitin araşdırılması məqsədilə prokurorluq tərəfindən aparılmış elmi-nəzəri və praktiki təhlillərlə intihar hadisələrinin baş verməsinə əsasən psixopatoloji və sosial faktorların səbəb olduğu müəyyənləşdirilib. Müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Ü.Orucova müasir cəmiyyətin problemlərindən birinin intihar olduğunu, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə 20 faiz intiharların xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edildiyini bildirib. Bugünkü tədbirin əsas məqsədinin intihar hadisələrinin baş verməsini minimuma endirməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə maarifləndirici görüş keçirmək, bu sahədə dövlət tərəfindən görülmüş işləri diqqətə çatdırmaq olduğunu qeyd edib. Ümumtəhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılmasının, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasını vurğulayaraq bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək intiharın dövrün aktual problemi olduğunu bildirib. Müxtəlif yaş dövrlərində baş verən intiharlar və onun psixoloji səbəbləri, rayon üzrə 2024-cü ilin cari dövründə baş verən intihar hadisələrinin yaş qruplarına görə təsnifatı barədə məlumat verib. K.Cəfərova intihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlindiyini qeyd edib. Rayonda müxtəlif yaş qruplarında baş verən intiharların səbəblərini psixoloji aspektdə izah edərək, intihar motivləri barədə məlumat verib. İntiharın kökündə daha çox psixoloji problemlərin, sosial və iqtisadi məsələlərin dayanması, insanların psixoloji ehtiyaclarının tam ödənilməməsi, tükənməklik sindromu, laqeyidlik, sevgi qıtlığı və s. kimi amillərin dayandığını diqqətə çatdırıb. Belə hadisələrin qarşısının alınmasında ilkin amil kimi insanın psixoloji ehtiyaclarının ödənilməsi, insanların sosial mühit tərəfindən (ailə, işlədiyi kollektiv, dostları, təhsil aldığı mühit) dəyərləndirilmə, diqqət önəmliliyi, insanlara anlayışla yanaşılma və s. amillərin olmasını söyləyib. Yeniyetmələrlə-valideyn münasibətlərinin düzgün qurulması, onları dinləmək, maraq və qabiliyyətlərinə, potensialına dəyər verərək, şərait yaratmaq, səhvlərinə görə üstünə getməmək, anlayışla izahını vermək kimi amillərin olduğunu diqqətə çatdırıb. Ahıl, yaşlı xəstə insanların intihar səbəbinin kökündə özünü həmin ailədə lazımsız varlıq kimi hiss etməsinin dayandığını vurğulayaraq bu kateqoriyadan olan insanlara xüsusi sevgi və diqqət ayırmağın vacibliyini ön plana çəkib. İntihar hallarının qarşısının alınması üçün lazımi psixoloji məsləhətlər verib.


Qazax Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas Murad Bədəlov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur. Lakin reallıqda bu məsələ bir qədər fərqli nəticə alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi, 125-ci maddə ilə cinayət işi başlanır. Əslində isə həmin hadisə bu maddə üzrə ciddi sübuta yetirilməlidir. Çox vaxt insanları özünü öldürmə cinayətinə sövq edən faktorlar onun əhatəsində - ailəsində, qohumlarında və iş yerində olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Bundan əlavə, cinayətin sübuta yetirilməməsinə digər hallar da səbəb olur. Beləliklə də, 125-ci maddə ilə başlanılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur və ya xitam verilir. Özünü öldürmə həddinə çatdırma cinayətinin təsnifatı CM-in 15-ci maddəsinə əsasən xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq az ağır cinayətlərinin sırasına daxildir. Bu cinayətin bilavasitə obyektini insan həyatı təşkil edir. Cinayətin obyektiv cəhəti - zərərçəkmişin özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırılmasına səbəb olan: a) amansız rəftar etmədə; b) ləyaqətini mütəmadi olaraq alçaltmada; c) hədə-qorxu gəlmədə ifadə olunur. Təqsirin forması - birbaşa və ya dolayı qəsdlə müəyyən edilir. CM-in 125-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsinə yönəlmiş hazırlıq hərəkətləri cinayət məsuliyyətinə səbəb olmur (CM-in 28-ci maddəsi).


Qazax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Ramin Sadıqov çıxışında bildirib ki, bu gün intiharların artmasının səbəblərindən biri də bu mövzunun KİV-də aktuallığıdır. Mətbuatda intiharın azalması üçün təbliğat aparılsa da, onun çoxalma halları daha da artır. Çünki bu mövzu üzrə doğru maarifləndirmə istiqaməti mövcud deyil. Bu kateqoriyaya aid cinayətin iştirakçıları, xüsusən də yeniyetmə yaş dövründə olanlar KİV-də adlarının çəkilmə­si, şəkillərinin yayılması ilə diqqət mərkəzində olduqlarını, tanınmaq istədiklərindən intihara əl atırlar. R.Sadıqov qeyd edib ki, əgər bir zamanlar intiharların sayının artmasında səbəb kimi genetik, sosioloji, psixoloji faktorlar göstərilirdisə, bu gün də həmin faktorlar yerində qalır. Lakin əvvəllər əsasən, 30-40 yaşdan yuxarı insanlar arasında intiharlar baş verirdisə, bu gün yeniyetmə və uşaq intiharlarını da müşahidə edirik. Bu gün intiharların səbəblərinə yeni, informasiya amili də daxil olub. İfrat informasiya insanın ruh halının dəyişməsinə səbəb olur.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov çıxış edərək yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Natiq ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.


Qazax-Tovuz Regional  Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov özünü öldürmə hadisələrinin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsinin önəmini bildirməklə ailədaxili zorakılıq hallarının azaldılması və şəxslərin keyfiyyətli reabilitasiyasının əhəmiyyətini qeyd edib. Natiq bu məsələdə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin mənfi təsirinin aradan qaldırılmaqla maarifləndirici tədbirlərin sayının artırılmasının vacibliyini vurğulayıb.

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.


Geri qayıt