Əsas Səhifə > Rəsmi > El ağsaqqalı
El ağsaqqalı23-09-2016, 15:18 |
“Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”Ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olublar, onlar insanlar tərəfindən həmişə hörmətlə qarşılanıblar. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağılı ilə el arasında seçilib, həyat üçün mühüm məsələlərin həllində söz sahibi olub. Onların yaşadıqları illərin arxasında böyük həyat təcrübəsi, görülmüş işlər, böyüməkdə olan nəsilə ibrətamiz sözləri, tövsiyələri dayanır.
Ağsaqqal olmaq üçün ən azından səksən, doxsan il ağılla-başla yaşamaq lazımdır ki, sənin tərcümeyi-halını yalnız xələflərin deyil, elə sağlığında müasirlərin də canlı bir kitab kimi oxumağa ehtiyac duysunlar. Böyük əməllərindən, geniş həyat təcrübəndən öyrənib, gördüyün xeyirxah işlərin, apardığın müzəffər mübarizənin səndən daha güclü davamçıları olsunlar. Xanqulu Süleymanov həyatı gənc nəsilə örnək olan ağsaqqallardandır. Onun geniş tərcümeyi-halı var. 92 yaşına gəlib çıxana qədər zəngin bir həyat yolu keçib. O, 1925-ci il aprel ayının 25-də Qazax rayonunda anadan olub. 1941-ci ildə Vətənin başının üstünü qara buludlar alan vaxtı X.Süleymanovun 16 yaşı vardı. O, könüllü olaraq ordu sıralarına daxil olmuş və şanlı bir döyüş yolu keçmişdir. Xanqulu Süleymanov orduda və əmək fəaliyyətində xidmətlərinə görə öz dövrünün müxtəlif orden və medalları ilə təltif olunmuş, müxtəlif mükafatlar almışdır. Azərbaycan müstəqil olduqdan sonra, 1991-94-cü illərdə isə Qazaxbəyli sovxozunun direktoru işləmişdir. Onun işlədiyi dövrdə sovxoz ziyanla işləyən təsərrüfatdan gəlirlə işləyən təsərrüfata çevrilmişdir. Hazırda Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranı İctimai Birliyinin Qazax rayon şöbəsinin sədridir. Qazax rayonunda çox az insan tapmaq mümkündür ki, Xanqulu müəllimi tanımamış, onunla həmsöhbət olmamış olsun. Çünki o, həmişə insanlar içində, el arasındadır. Rayonda keçirilən elə bir ictimai-siyasi yığıncaq və mədəni-kütləvi tədbir yoxdur ki, Xanqulu müəllim orada iştirak etməsin və öz sözünü deməsin. Onun sözlərinə görə hər işin bir zamanı, hər sözün öz vaxtı, hər vaxtın da öz sözü var. Bu gün bu vaxtın sözünü deməsək sonra gec olar, söz öz mənasını itirər, qiymətdən düşər. Ona görə də hər vaxtın sözünü demək əsas şərtdir. Bəs nədir vaxtın sözü? – sualına Xanqulu müəllim belə cavab verdi: - Yaşadığımız bu təlatümlü dünyada vaxtın lazımlı və vacib sözləri çoxdur. Sözün də yaxşısı-pisi, sözün də alisi-adisi var. Hər sözün də öz sahibi var. İstədiyin sözü istədiyin vaxt demək olmaz. Sözü gərək məqamında, vaxt başının üstünü alanda deyəsən. Sözü isə onun arxasında duran və öz müdrik kəlamları ilə dağı-dağ üstünə qoyan, sözün mənəvi dəyərini dərindən başa düşən, sözü kiməsə bir məlhəm qədər kömək edən deməlidir, vaxtın sözünü. Deyilməmişdən əvvəl söz sahibinin əsiridir, deyildikdən sonra isə sahibi sözün əsiri olur. Ona görə də gərək sözünün ağası olasan Rəcəb Babaşov kimi. O, rayonumuza təyin olunan ilk gündən hamıya, hər sahəyə işıq salır. Bu gün Qazaxın mərkəzi küçələrindən tutmuş, sərhəd kəndlərinə qədər hər yer cənnət-məkana çevrilməkdədir. Rayonda aparılan tikinti–quruculuq işləri, şəhidlər qəbiristanlığının yenilənməsi, onların adına bulaqların açılması, şəhid ailələrinə böyük ehtiramdır. Rəcəb Babaşov rayonumuzda ağsaqqallara böyük diqqət və qayğı ilə yanaşır. Rayonda keçirilən elə bir tədbir yoxdur ki, məni oraya dəvət etməmiş olsun. Onun təşəbbüsü ilə bu yaxınlarda keçirilən təyyarə abıdə kompleksinin açılışında mən də iştirak etdim. Buna çox sevindim, ürəyim dağa döndü. Rəcəb Babaşov öz gərgin iş rejimindən vaxt ayırıb hər zaman mənimlə əlaqə saxlayır, səhhətimlə maraqlanır. Rayon rəhbərinin bu isti münasibəti məni ruhlandırır, ömrümü uzadır. O məmləkət xoşbəxtdir ki, orada ağsaqqal sözü eşidilir. Və o məmləkət qüdrətlidir ki, orada ağsaqqal sözünə əməl edilir, – söylədi Xanqulu müəllim. Xanqulu müəllim sözün əsl mənasında ağsaqqaldır. Sözə, insana, dövlətə, xalqa, millətə dəyər verən bir insandır. Bu gün cəmiyyətimizin ağsaqqal sözünə, məsləhətinə böyük ehtiyacı var. Xanqulu müəllim heç vaxt öz işi, problemi üçün heç bir məmurun qapısını döyməyib. Xanqulu müəllim heç vaxt bir şəxs kimi öz qarşılaşdığı məsələni çıxışlarında qabartmayıb. Bütün tədbirlərdə demək olar ki, çıxış edib. Amma bir kəlmə də olsun özündən danışmayıb. Həmişə rayonumuzla, camaatımızla bağlı problemləri qabardıb. Mübaliğəli çıxsa da həmişə el üçün, xalq üçün alışıb-yanıb. Hal-hazırda da belədir. Bəlkə də insanın ən mühüm, aparıcı fərdi, şəxsi göstəricisi sözün geniş mənasında onun başqalarına, ətrafdakılara münasibətidir. Xanqulu müəllim öz tale yolunda bir neçə tarixi yaşamış, onun hər bir hadisəsini, detalını yadında saxlamış, təhlil eləmiş və dərk etmiş insanlardandır. Digər tərəfdən isə yaşının 100-ü haqlamasına baxmayaraq mənsub olduğu xalqın tarixini az qala bir peşəkar tarixçi qədər dərindən, təfsilatı ilə bilir. Və bu ona imkan verir ki, bu günü qiymətləndirməkdə, sabahı proqnozlaşdırmaqda, demək olar ki, səhv etməsin. Həyatda rastlaşdığı, ünsiyyətdə olduğu yüzlərlə, hətta minlərlə müxtəlif xarakterli insanlarla təmasdan qazandığı böyük təcrübə Xanqulu müəllim üçün bir tale məktəbidir ki, bu məktəbin yaxşı mənimsədiyi dərslərini başqalarına, xüsusilə gənclərə öyrətməyə xəsislik eləmir, tərəddüd göstərmir. Əksinə bütün dəqiqliyi ilə izah etməkdən bir insan kimi kam alır. Bu da onun tələbkar, hövsələli və gənclərə məsləhət verməkdən zövq almasından irəli gəlir. Xanqulu müəllimin söhbətlərindən, öyüd-nəsihətlərindən doymaq olmur. Bu nurani insan öz ədəb-ərkanı, öz varlığı, öz ucalığı ilə ağsaqqal adını sözün əsl mənasında yaşadır. Nə qədər yazsaq da sözümüz, söhbətimiz qurtarmaq bilmir. Amma nə qədər istəməsək də yazıya son nöqtəni qoymalı oluruq. Və sonda ona hörmətli şairimiz Osman Sarıvəllinin aşağıdakı misralarını xatırladırıq: Yetmişində alma əsa, Səksənində batma yasa, Hər kim yüz il yaşamasa, Günah onun özündədir. Biz də şeirdə deyildiyi kimi, bütün rayon ictimaiyyəti adından Xanqulu Süleymanova 100 il ömür arzulayırıq. Ömrün uzun olsun el ağsaqqalı! Geri qayıt |