Əsas Səhifə > Rəsmi > Qazaxda Bakı Səyyar “ASAN xidmət"in fəaliyyətindən 2580 nəfər yararlanıb
Qazaxda Bakı Səyyar “ASAN xidmət"in fəaliyyətindən 2580 nəfər yararlanıb30-04-2024, 12:56 |
“Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır”. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi bu sözlər hər bir dövlət məmuruna nümunə olmaqla yanaşı, həm də iş fəaliyyətinin əsasını təşkil etməlidir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə ön plana çəkilir. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Ölkə başçısının söylədiyi kimi, “"ASAN xidmət” Azərbaycan məhsuludur. Azərbaycan ixtirasıdır. Azərbaycan brendidir”. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar. Xəbər verdiyimiz kimi, Bakı Səyyar “ASAN xidmət”in nümayəndələri 2 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 109 ünvanında ("Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinin qarşısı) əhaliyə səyyar xidmət göstəriblər. 28 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxil olub. 2-29 aprel tarixlərində ümumilikdə, müraciət etmiş 2807 nəfər vətəndaşdan 2580 nəfər vətəndaşa xidmət göstərilib. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndirib. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab ediblər. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilib. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilib. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), Bakı Səyyar “ASAN xidmət” avtobusu isə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib. GOYEZEN.AZ Geri qayıt |