Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb6-04-2024, 09:14 |
“Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikrin arxasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı isə hər bir dövlət məmuruna örnək olmalıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 16 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 241 nəfər vətəndaş qəbul edilib. Onlardan 127 nəfərin müraciəti müsbət həll olunub, 114 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 25 nəfər vətəndaş müraciət edib. Onlardan 1 nəfər sənəd, 1 nəfər əlillik dərəcəsinin təyini, 5 nəfər şəkər aparatı, 1 nəfər xəstəlik, 17 nəfər stasionar müalicə ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 24-ü yerində həll edilib, 1 nəfərə isə müvafiq izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 115 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 60 nəfərin istəyi müsbət həll edilib, 55 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 82 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 32 nəfərin istəyi müsbət həll edilib, 50 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 2 nəfərin telefonun ad dəyişmə ilə bağlı istəyi müsbət həllini tapıb. 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfərin kanalizasiya xəttinin düzəldilməsi, 1 nəfərin sayğacdan su axıntısı, 1 nəfərin su xətti və su sayğacı, 2 nəfərin ad dəyişmə barədə istəkləri müsbət həll edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 5 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın məktəbin ərazisində park salması ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi, 1 nəfər vətəndaşın istifadə olunmuş enerji sərfiyyatına görə yaranmış borcun araşdırılması ilə bağlı müraciətləri müsbət həll olunub. 2 nəfər vətəndaşın ad dəyişmə ilə bağlı müraciətinə cavab olaraq aidiyyəti üzrə yönləndirilib, “Asan xidmət” mərkəzinə getməsi tövsiyə edilib. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. GOYEZEN.AZ Geri qayıt |