Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”
Prezident İlham Əliyev: “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”18-03-2024, 18:11 |
Cari ilin 17 mart tarixi NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanat verdilər. Prezident İlham Əliyev bildirdi ki, NATO ilə aparılan dialoq uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Ölkə başçısı qeyd etdi ki, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Ölkə rəhbəri söylədi ki, silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. Dövlət başçısı vurğuladı ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib. Dövlət başçısı qeyd etdi ki, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Ölkə rəhbəri bildirdi ki, təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı; Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir. Perspektiv fəaliyyət istiqamətinə gəlincə zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır. Azərbaycan – NATO münasibətləri bu gün hər kəsə yaxşı məlumdur. Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Avropa və Avro-atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avro-atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir. Müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avro-atlantik standartlara çatmaq və Avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunmuşdur. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir. NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış - xilasetmə taqımı bir sıra təlimlərdə iştirak etmişdir. Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant almışdır. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. STE proqramı çərçivəsində həmçinin, ətraf mühitin mühafizəsinə həsr edilmiş layihələr əhatə edilir. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilmişdir. Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu (“NATO/SNT Etimad Fondu”) ilə Ağstafa rayonunun Saloğlu adlanan ərazisində keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə xidmət edir. 2005-ci ildən başlayaraq üç mərhələdə həyata keçirilən bu layihənin 2011-ci ilin yayında başa çatması gözlənilir. Bundan əlavə, NATO-nun yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir. Digər əsas əməkdaşlıq sahəsi NATO və Azərbaycanla bu təşkilatın əməkdaşlığının faydası barədə məlumata çıxışın təmin olunması və ictimai məlumatlandırma səviyyəsinin artırılmasından ibarətdir. 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb. Azərbaycan-NATO əlaqələrində əsas hadisələrinə gəlincə 1992-ci il. Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. 1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub. 1997-ci il. Azərbaycan SNT-nin Planlaşdırma və Analiz Prosesinə qoşulub. 1999-cu il. Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara qoşulub. 2001-ci il. Azərbaycan öz ərazisində “Cooperative Determination 2001” adlı çoxmillətli SNT hərbi təlim məşğələlərinin keçirilməsini təşkil edib. 2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib. Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib. 2003-cü il. Azərbaycan “Virtual İpək Yolu”na qoşulub (Bu layihənin məqsədi peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm işçilərinin İnternetə çıxış imkanlarının təkmillədirilməsindən ibarətdir). 2004-cü il. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib. Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələsində iştirak edib. 2005-ci il. Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb. 2006-cı il. Bakıda Avro-atlantik Mərkəzinin (NATO-nun məlumat mərkəzinin) rəsmi təntənəli açılışı olub. 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarmışdır. 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artmışdır. Geri qayıt |