Əsas Səhifə > Rəsmi > Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağaclara qulluq edilib və ətrafında təmizlik işləri aparılıb

Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağaclara qulluq edilib və ətrafında təmizlik işləri aparılıb


15-03-2024, 20:24


İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Sərəncamda vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Martın 15-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib.

İməcilikdə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosal-İqtisadi Kollecin tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər iştirak ediblər.

Qazax rayonunun Qarapapaq kəndi ərazisində (Obelisk və Təyyarə Abidə Kompleksinin yanı) keçirilən iməcilik zamanı ağaclara, həmişəyaşıl gül kollarına qulluq edilib, ağaclar rənglənib və ətrafında təmizlik işləri aparılıb.

İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.


Geri qayıt