Xəbər verdiyimiz kimi Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 4-dən etibarən “Açıq qapı” günləri elan olunmuşdu.
“Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə 4-12 dekabr tarixlərində rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Türkün ölməz dühası-Heydər Əliyev" başlıqlı sərgiyə baxıblar. Eyni zamanda ulu öndərə həsr olunmuş mühazirələr dinləyib, filmlərə baxıblar.
Mərkəzin direktoru Ceyhunə Hüseynova GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, bu gün “Açıq qapı” günlərinin sona yetməsinə baxmayaraq ulu öndərin abidəsinə ziyarət davam edir. Qeyd edib ki, “Açıq qapı” günlərində minlərlə rayon sakini ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini yad edib.