Əsas Səhifə > Rəsmi > Dövlətimizin varlığının göstəricisi olan üçrəngli Bayrağımız daim yüksəklərdə dalğalanacaq
Dövlətimizin varlığının göstəricisi olan üçrəngli Bayrağımız daim yüksəklərdə dalğalanacaq9-11-2023, 16:20 |
Hər bir dövlətin, millətin, xalqın tarixində azadlığın və müstəqilliyin ifadəsi olan bayraq çox mühüm məna daşıyaraq xalqın varlığını, ideologiyasını özündə əks etdirir. Hər bir xalqın tarixinin şanlı səhifələri məhz Dövlət Bayrağı ilə bəzənir. Xalqa, millətə milli qürur, mənlik, ləyaqət, güc, qüvvət, qüdrət verir. Bizim bayrağımız da bu gün sərhədlər aşdıqca, ölkələr keçdikcə və ən əsası da işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında dalğalandıqca azərbaycanlıların milli simvolu kimi könülləri fəth edir, əbədiləşir. Dövlət Bayrağımız bu gün həm də Qələbə və Zəfər üfüqlərini özündə təcəssüm etdirir. Həm dünyada, həm də azad edilmiş torpaqlarda dalğalanan bayrağımız siyasi qələbəmizin təntənəsi kimi bütün azərbaycanlılara qürur verir və bizim xalq kimi birliyimizin, həmrəyliyimizin rəmzidir. Müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” dəyərli sözləri bu gün hər bir ölkə vətəndaşı üçün bir yol xəritəsidir. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram yüksək səviyydədir. Bəli, bu gün qalib ölkənin vətəndaşı olan hər bir azərbaycanlı Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-nu ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Tarixə nəzər yetirsək görərik ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. İdeoloji təmələ gəlincə Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Ali siyasi iradənin təcəssümü olan tarixi təşəbbüsə gəlincə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü hər kəs tərəfindən bu gün də minnətdarlıqla qarşılanır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı” fikrini bu gün də qürurla xatırlayırıq. Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi kimi mühüm hadisədir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Bu gün Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Dövlət bayrağının istifadəsinə gəlincə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Sözügedən Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi mühüm amillərdən biridir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” sözlərini qürurla xatırlayır və örnək götürür. Respublika Prezidenti İlham Əliyevin də vurğuladığı kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Bu gün xoşbəxt xalqıq ki, üçrəngli bayrağımız 30 illik həsrətdən sonra doğma sahiblərinə qayıdan Qarabağımızda, Xankəndidə, işğaldan azad edilən digər torpaqlarımızda dalğalanmaqdadır. Və biz xalq olaraq buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. GOYEZEN.AZ Geri qayıt |