Əsas Səhifə > Rəsmi / Manşet > Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi illər keçsə də daim ehtiramla xatırlayacaq
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi illər keçsə də daim ehtiramla xatırlayacaq11-10-2023, 16:21 |
İllər keçsə, qərinələr bir-birini əvəz etsə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qadirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaqdır. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfə oldu. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə bir çox sahədə söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. Ulu Öndər Heydər Əliyevin dövlətlərarası münasibətlər haqqında söylədiyi hər bir fikir bu gün də öz aktuallığını saxlayır. Ulu Öndər 21 may 1994-cü ildə Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla olan görüşdə çıxışı zamanı bildirdi ki, “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan”. 1 iyul 1995-ci ildə Buxarestdə Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbuldakı nitqində qeyd etdi ki, “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər”. 10 iyul 1995-ci ildə Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə verilən rəsmi ziyafətdə vurğuladı ki, “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir”. 1995-ci ilin 14 iyulunda Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə təşkil edilən qəbulda Ulu Öndər söylədi ki, “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır”. 3 oktyabr 1995-ci ildə Almaniyanın yenidən birləşməsi günü münasibətilə AFR-in Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda bildirdi ki, “Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır”. 6 oktyabr 1995-ci ildə BMT-nin 50 illiyinə həsr olunmuş təntənəli gecədəki nitqində qeyd etdi ki, “BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının amalı və məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir”. Ulu Öndərin 10 oktyabr 1995-ci ildə Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündəki nitqində söylədiyi “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur” fikirləri bu gün də öz real əksini tapır. 27 mart 1996-cı ildə Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatında bildirdi ki, “Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır”. 14 aprel 1996-cı ildə Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündəki nitqində “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir” söyləyərək bunu bir daha bəyan etdi. 1996-cı ilin 30 mayında “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışındakı nitqində qeyd etdi ki, “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik””. 1 iyul 1996-cı ildə Bonn şəhərində Almaniyadakı Azərbaycan Cəmiyyətlərinin Sədrləri və Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdəki çıxışında da söylədi ki, “Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”. 16 dekabr 1996-cı ildə Azərbaycan Respublikası sərhəd qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində bildirdi ki, “Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi - bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır”. 15 yanvar 1997-ci ildə Parisdə Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarını cavablandıran Ulu Öndər qeyd etdi ki, “Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik”. 5 may 1997-ci ildə Ankarada Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdəki nitqində söylədikləri də yaxşı xatirimizdədir. Ulu Öndər çıxışı zamanı vurğuladı ki, “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır”. 8 may 1997-ci ildə İstanbulda Türkiyənin iş adamları ilə görüşdəki nitqində söylədi ki, “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir”. 31 iyul 1997-ci ildə Vaşinqtonda ABŞ-ın Ticarət Naziri Uilyam Deyli və Energetika Naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda çıxışı zamanı bildirdi ki, “Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir”. 18 mart 1998-ci ildə Türk Dövləti və Topluluqlarının VI Dostluq, Qardaşlıq və İşbirliyi qurultayının iştirakçılarına müraciətində vurğuladı ki, “Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz, tarixi töhfələr veriblər. Demokratizm, haqq-ədalətə sonsuz inam, milli, dini, irqi ayrı-seçkiliyə qarşı barışmazlıq, vətənpərvərlik və sülhsevərlik xalqlarımızın səciyyəvi cəhətləridir. Çətin mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız azadlığımızın, müstəqilliyimizin əbədi olmasında, milli dövlət quruculuğunun dönməz xarakter almasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik”. 1998-ci ilin 27 mayında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində söylədi ki, “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”. 27 oktyabr 1998-ci ildə Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbuldakı nitqində qeyd etdi ki, “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir”. Həmçinin, vurğuladı ki, “Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman Şərq aləmi üçün örnək cümhuriyyət olmuşdur”. “Türkiyə Azərbaycana həmişə dayaq olmuşdur. XX əsrdə 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”. 9 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimindəki nitqində qeyd etdi ki, “Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır”. 12 dekabr 1998-ci ildə Özbəkistanın məşhur “Yalla” dövlət əməkdar kamera-instrumental ansamblının konsertindən sonra yaradıcı kollektiv ilə görüşdəki söhbətində Ulu Öndər bildirdi ki, “Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir”. 23 iyul 1999-cu ildə Misir Ərəb Respublikasının milli bayramı – iyul inqilabının 47-ci ildönümü münasibətilə Misirin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbuldakı nitqində qeyd etdi ki, “Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir”. 18 oktyabr 1999-cu ildə Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ “İstiqlal” ordeni təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində söylədi ki, “Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir”. 2 noyabr 1999-cu ildə Ankara Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi kimi, “İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən - yalnız Azərbaycandan torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi bir hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir”. 17 dekabr 1999-cu ildə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinlə söhbəti zamanı bildirdi ki, “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır”. 11 may 2000-ci ildə İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqində qeyd etdi ki, “Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar”. 17 mart 2000-ci ildə Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın Azərbaycan ictimaiyyəti ilə görüşü və ona “İstiqlal” ordeninin təqdim edilməsi mərasimindəki söhbətində vurğuladı ki, “Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var”. 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında söylədi ki, “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”. 22 may 2001-ci ildə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdəki söhbətində qeyd etdi ki, “Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır”. 4 iyul 2001-ci ildə Amerika birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbuldakı nitqində vurğuladı ki, “Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik”. 7 iyul 2001-ci ildə Sumqayıtdakı Etilen-Polietilen Zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimindəki nitqində diqqətə çatdırdı ki, “Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir”. 12 iyul 2001-ci ildə Portuqaliya Respublikasının Xarici İşlər Naziri Joze Jaymi Matuş da Qamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətində söylədi ki, “Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alnmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər”. 23 avqust 2001-ci ildə Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən bildirdi ki, “Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”. 28 avqust 2001-ci ildə İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Əhani ilə görüşdəki söhbətində qeyd etdi ki, “Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır”. 7 dekabr 2001-ci ildə Çin Xalq Respublikası səfirliyinin yeni binasının açılış mərasimindəki nitqində söylədi ki, “Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir”. 27 may 2002-ci ildə Respublika gününə həsr olunmuş təntənəli mərasimdəki nitqində bildirdi ki, “Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa münasibətini nümayiş etdirmişdir”. 28 iyun 2002-ci ildə Türkiyənin Qars şəhərində Heydər Əliyev adına parkın və bulvarın açılışı zamanı nitqində bildirdi ki, “Qars bizim üçün, azərbaycanlılar üçün tarixən çox məşhur və çox doğma, çox əziz bir diyar olubdur”. 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təşkil edilmiş rəsmi ziyafətdəki nitqində bildirdi ki, “Əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində yaşamışıq”. Geri qayıt |