Əsas Səhifə > Rəsmi > “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb”

“Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb”


3-10-2023, 10:38


29 sentyabr 2023-cü il tarixi Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi və Prezident İlham Əliyevin həmin mərasimdəki çıxışı ilə yadda qaldı. 

Ölkə Prezidenti İlham Əliyev çıxşında vurğuladı ki, bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.

Ölkə başçısı qeyd etdi ki, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forum iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır.

Ölkə rəhbəri qeyd etdi ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

Dövlət başçısı bildirdi ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

Dövlət başçısı söylədi ki, gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Dövlət başçısı vurğuladı ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.


Ölkə rəhbəri qeyd etdi ki, Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Prezident İlham Əliyev vurğuladı ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir.

Yeni iş yerləri yaradılır. Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və sosial infrastrukturun inşası. 

Azərbaycana qarşı urbisid və kultursidin təzahürünə gəlincə Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur.

Ölkə başçısı bildirdi ki, Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.

Dövlət başçısının söylədiyi kimi, insanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər.

Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.

Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq.

Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq.

Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.

Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir.

Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.

Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar.

Ölkə başçısı bildirdi ki, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi - onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı.

Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.

İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik.


Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi. Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar. İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik.

Ölkə başçısı onu da qeyd etdi ki, Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.

Azərbaycan öz ərazisində döyüşlər aparırdı. Bu, bizim hüququmuz idi. Bizə BMT Nizamnaməsinə uyğun olan özünümüdafiə hüququnu tanıyan məsələ idi. 

Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı.

Ölkə başçısı bildirdi ki, Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi.

Ziddiyyətli bəyanatlardan söz açan ölkə rəhbəri vurğuladı ki, Ermənistanın rəhbərliyi bir tərəfdən deyirdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi.

Dövlət başçısının söylədiyi kimi, antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik.

Güc və iradə mesajına gəlincə Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar.

Prezident İlham Əliyevin vurğuladığı kimi, 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır.

Ölkə rəhbəri qeyd etdi ki, işğala son qoyuldu. 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Artıq “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur.

Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.


Geri qayıt