Əsas Səhifə > Rəsmi > Oktyabrın 2-dən Bakı Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir
Oktyabrın 2-dən Bakı Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətindədir2-10-2023, 11:43 |
Bu gün ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön plana çəkilir ki, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar. Bakı Səyyar “ASAN xidmət”in nümayəndələri 2 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 109 ünvanında ("Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinin qarşısı) əhaliyə səyyar xidmətlər göstərəcəklər. 29 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib. GOYEZEN.AZ Geri qayıt |