Əsas Səhifə > Rəsmi > Heydər Əliyev zirvəsi

Heydər Əliyev zirvəsi


3-07-2023, 15:24


Müstəqil Azərbaycan dövləti, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə aparan işıqlı yol - bütün bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Heydər Əliyev Tanrının xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu öyrəndikcə onun şəxsiyyətinin qərar tutduğu mənəvi zirvə göz önündə daha da ucalır. 

Heydər Əliyev ilk növbədə özünün də söylədiyi kimi, onu yetişdirmiş millətlə, xalqla fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu Öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərlik dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyət göstərdiyi ilk illərdən bütün diqqətini bu istiqamətə yönəltmişdi. Rəhbərliyə başladığı ilk gündən Azərbaycan elminin, iqtisadiyyatının, mədəniyyətinin inkişafı üçün ona qədərki rəhbərlərlə müqayisə edilməsi mümkün olmayan bir enerji, peşəkarlıq və uzaqgörənliklə fəaliyyət göstərən Heydər Əliyev bütün sahələrdə yüksək nəticələrə nail olmuşdur. Olduqca qarışıq və mürəkkəb əsr olan XX əsr Ulu Öndərin iradəsi, qətiyyəti, fəaliyyəti nəticəsində çox uğurla başa çatdı və Heydər Əliyev bu yüzilliyin şəksiz lideri olduğunu sübuta yetirdi. Ulu Öndər həm də XXI əsrin lideridir və bu baxımdan o, zamanla məkanın fövqündə duran əbədiyaşar bir şəxsiyyətdir. Bu şəxsiyyət tarixi bir hadisədir. Tarix şəxsiyyəti yaradır, şəxsiyyətlər isə tarixi. Heydər Əliyev öz möhkəm iradəsi və qətiyyəti, əzmi və mübarizliyi ilə Azərbaycanı zamanın ağır sınaqlarından çıxararaq ölkəmizi ağ günlərə qovuşdurdu.

Ulu Öndərin böyük, əzəmətli, bir insan ömrünə sığmayan coşqun fəaliyyəti nəticəsində Azərbaycanı bütün dünya tanıdı, respublikamızın adı ən ali məclislərdən, ən yüksək tribunalardan eşidildi. Azərbaycanın üçrəngli bayrağı bütün dünyada fəxarətlə dalğalanmağa başladı. Heydər Əliyev özünün uzaqgörən siyasəti və müdrikliyi, şəxsiyyəti və zəngin təcrübəsi, intellekti və uzaqgörənliyi ilə bütün dünyada Azərbaycanın rəmzinə çevrildi.

Azərbaycan tarixinin böyük bir hissəsi Heydər Əliyev epoxası ilə bağlıdır. Bu epoxa Ulu Öndərin Azərbaycan xalqının dövlətçilik, siyasət, iqtisadiyyat və mədəniyyət tarixində yeri, dəyəri, müstə­qil, sivil və azad Azərbaycan dövlətinin yaranması, qurulması və inkişafı, cəmiyyətin formalaşması və demokratikləşməsi, dünya azərbaycanlılarının ümumi iş birliyi və həmrəyliyinin qurulması, respublikamızın dünya dövlətləri sırasına çıxması mərhələsi kimi tarixə düşmüşdür. Bu mərhələ öz mürəkkəbliyi, çoxşaxəliliyi, məsuliyyətliliyi ilə özündən əvvəlki bütün dövrlərdən fərqlənir və qlobal problemlərin həlli kimi səciyyələnir.

“Mən ömrümün qalan hissəsini də Azərbaycan respublika­sının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” tarixi sözləri Ulu Öndər Heydər Əliyevin Azərbaycana necə sonsuz bir məhəbbətlə bağlı olduğuna, bütün həyatını bu amala həsr etdiyinə bariz nümunədir. Bu sevginin, bu məsuliyyətin nəticəsidir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini qurdu, yaratdı və inkişaf etdirdi. Ona görə də Ulu Öndər müstəqil Azərbaycan dövlətinin banisidir. Bu, gün kimi aydın, hamımızın yaşadığımız və əyani şahidi olduğumuz bir həqiqətdir. O, Azərbaycanı XXI əsrə inkişaf etmiş bir ölkə kimi gətirib çıxartmışdır.

Düzdür, respublikamız olduqca böyük təbii ehtiyatlara malik olan bir ölkədir. Lakin Azərbaycanın ən böyük sərvəti Heydər Əliyevdir. Azərbaycan xalqı xoşbəxt xalqdır. Ona görə xoşbəxtdir ki, onun ölkəsinin, dövlətinin Heydər Əliyev kimi siyasi rəhbəri, milli öndəri, vətənpərvər, mərd, mübariz övladı, dünya şöhrətli dahisi var. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Azərbaycanın müstəqillik qazanması, demokratikləşməsi, inkişafı kimi çətin, məsuliyyətli, lakin şərəfli və tarixi əhəmiyyətli bir yolda Heydər Əliyevlə daim bir yerdə olmuş, Ulu Öndərin hər bir addımını, gördüyü işi, misilsiz xidmətlərini dəstəkləmiş, qiymətləndirmişdir. Bütün bu tarixi, fundamental xidmətlərinə görədir ki, ürəklərdə “Heydər-Xalq, Xalq-Heydər” sevgisi yaranmışdır. Bu sevgi Heydər Əliyev və xalq vəhdətinin əbədi ifadəsidir. Bu, Heydər Əliyev hakimiyyətinin xalq tərəfindən dəstəklənməsinin, Heydər Əliyev hakimiyyətinin xalq hakimiyyəti olmasının real gerçəkliyidir. Bu, Heydər Əliyevin xalq, dövlət və tarix qarşısında xidmətlərini hərtərəfli, dəqiq və ədalətlə ifadə edən xalq qiymətidir. Bu, Azərbaycanın milli gerçəkliyidir.

Heydər Əliyev xalqın ən ümidli şəxsiyyəti, düşünən beyni, düzgün yol göstərəni, müdrik bələdçisidir. Heydər Əliyev fenomeni dünya miqyasında ağıllı, uzaqgörən, dərin təfəkkürlü diplomat, beynəl­xalq hüququn bilicisi, qlobal miqyaslı proqnoz simvoludur. Ulu Öndər Heydər Əliyevin ən mürəkkəb situasiyaları təhlil etmək, ondan düzgün nəticə çıxartmaq və ən düzgün çıxış yolu tapmaq qabiliyyəti əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev millətin və xalqın tükənməz fikir xəzinəsi, şərəfli tarixi, canlı ensiklopediyasıdır.

Heydər Əliyev şəxsiyyətinin müxtəlif, lakin bir-biri ilə bağlı olan cəhətləri Ulu Öndəri mükəmməl, dünya şöhrətli lider səviyyəsinə qaldırmışdır. Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Çünki Ulu Öndər Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarmış və müstəqil Azərbaycan Respublikasını qurmuşdur. Heydər Əliyev çox böyük siyasətçidir.

Heydər Əliyev xalqa arxalanan Vətən oğludur. Böyük öndər ölkədə hazırlanan dövlət çevrilişləri cəhdlərinin, vətənin parçalanmaq təhlükəsinin qarşısını silahlı qüvvələrin dəstəyi və ya qan tökməklə deyil, xalqın köməyi və ona olan məhəbbəti sayəsində ala bildi. Xalq ən ağır anlarda öz Prezidentinə arxa oldu.

Heydər Əliyev görkəmli diplomatdır. Dünyanın ən böyük dövlətlərinin başçıları ilə görüşü, beynəlxalq forumlarda iştirakı, qlobal əhəmiyyətli problemlərin həllində diplomatik gedişləri onun sayılıb-seçilən diplomat olmasının ali göstəricisidir.

Heydər Əliyev böyük təbliğatçıdır. Ulu Öndər dünyanın bir çox ölkələrinə səpələnmiş həmyerlilərimizin Azərbaycanla əla­qəsini təmin etmək və dünyada Azərbaycan diasporunu yaratmaq məqsədilə apardığı böyük işlər son anda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün (31 dekabr) yaranması ilə nəticələndi. 

Heydər Əliyev böyük sərkərdədir. Azərbaycanda gedən qanlı müharibə, düşmənin üstün mövqe qazanması, nizami ordunun ol­maması diktə etdi ki, atəşkəsə nail olunsun. Bu müddətdə iqtisa­diyyatı dirçəltmək, güclü ordu yaratmaq, dünya dövlətlərinin dəstəyini qazanmaq olardı. Ona görə də Ulu Öndər çətinliklə olsa da, atəşkəsə nail oldu və qarşıya qoyulan bütün məsələləri həll etdi.

Heydər Əliyev əsl vətənpərvərdir. Azərbaycanın çıxılmaz vəziyyətində qəddi əyilmiş millətin harayına çatması, Azərbay­canı dünya dövlətləri sırasına çıxartması Ulu Öndərin ən ali bir vətəndaş olmasının əyani sübutudur.

Heydər Əliyev novatordur. Daim düşünən, həyatın qarşıya qoyduğu ən mühüm problemləri qabardan və görülməsi vacib, ölkənin xeyrinə olan bütün məsələləri gecikdirmədən həyata keçi­rən dövlət başçısı Azərbaycan tarixində silinməz izlər qoymuşdur.

Heydər Əliyev xeyirxahdır. Xeyirxahlıq Ulu Öndərin mənəvi dayağı, Ümummilli Liderə olan xalq məhəbbətinin qovuşdurucu qütbüdür. Xeyirxahlıq ucalıqdır.

Heydər Əliyev və Azərbaycan. Bu iki söz, iki məfhum, iki varlıq bir-biri ilə sıx, üzvi şəkildə bağlıdır. Ona görə də Azər­baycanı Heydər Əliyevsiz, Heydər Əliyevi isə Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Tarixin Heydər Əliyev zirvəsində Azərbaycan, Azərbaycan zirvəsində isə Heydər Əliyev dayanır.

Elçin İSMAYIL, 

“Göyəzən” qəzetinin baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

“Tərəqqi” medalı, “Qızıl qələm” mükafatı laureatı,

şair-publisist


Geri qayıt