Əsas Səhifə > Rəsmi > Ulu Öndər Heydər Əliyevin görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında söylədiyi fikirlər bu gün də minnətdarlıqla xatırlanır
Ulu Öndər Heydər Əliyevin görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında söylədiyi fikirlər bu gün də minnətdarlıqla xatırlanır19-06-2023, 08:44 |
Bu gün xalq olaraq qürurla deyə bilərik ki, Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı istiqamətində gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında” deyəndə dahi şəxsiyyətin bu sahəyə olan qayğısı hər birimizin gözü önündə canlanır. 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla olan görüşdə Ulu Öndər Heydər Əliyev bildirdi ki, “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”. Həmçinin, söylədi ki, “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”. 9 fevral 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamaı Ümummilli Lider bildirdi ki, “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”. 1 avqust 1994-cü ildə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında çıxışı zamanı qeyd etdi ki, “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir”. 15 iyul 1996-cı ildə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Dərbənd şəhərində keçirilən Beynəlxalq Elmi Konfransın iştirakçılarına müraciəti də hər kəsin xatirindədir. Ulu Öndər dahi şairə qiymət verərək qeyd etdi ki, “Füzuli təkcə Azərbaycanın, Şərqin deyil, bütün bəşəriyyətin dahi mütəfəkkiridir”. 8 noyabr 1996-cı ildə Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə isə bildirdi ki, “Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda, bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur”. 1994-cü ilin 18 sentyabrında Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında bildirdi ki, “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır”. 17 dekabr 1994-cü ildə Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında çıxışı zamanı qeyd etdi ki, “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır”. Həmçinin, vurğuladı ki, “Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”. 28 dekabr 1994-cü ildə Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində söylədiyi “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir” fikirləri yazıçıya verdiyi böyük qiymət idi. Eyni zamanda, söylədi ki, “Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir”. 16 aprel 1995-ci ildə Xalq şairi Məmməd Arazın "Azərbaycan – Dünyam mənim" yaradıcılıq gecəsindən sonra ziyalılarla görüşdəki çıxışında qeyd etdi ki, “Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”. 10 iyun 1995-ci il Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədəki çıxışında bildirdi ki, “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”. 18 sentyabr 1995-ci ildə Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsindəki nitqində bəstəkar haqqında söylədiyi “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur” fikirləri dahi bəstəkara verilən böyük dəyərdir. 14 oktyabr 1995-ci ildə görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışında qeyd etdi ki, “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir”. 10 sentyabr 1996-cı ildə Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədəki nitqində söylədi ki, “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir”. 18 sentyabr 1996-cı ildə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 110 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və incəsənət xadimləri ilə olan görüşdə qeyd etdi ki, “Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır”. 6 mart 1997-ci ildə Xalq şairi Səməd Vurğunun ev muzeyindəki çıxışını və Xalq şairi haqqında söylədiyi dəyərli fikirləri bu gün də qürurla xatırlayırıq. Ümummilli Lider şair haqqında fikirlərini belə ifadə etdi: “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər”. 7 mart 1997-ci ildə Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədəki nitqində bildirdi ki, “Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda, gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir”. 17 oktyabr 1997-ci ildə Müslüm Maqomayevin yubiley gecəsində nitqində söylədi ki, “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda, özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir”. 30 oktyabr 1997-ci ildə Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqi bu gün də fəxrlə xatırlanır. Qurultayda Ulu Öndər bildirdi ki, “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi”. 7 noyabr 1997-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya?!" pyesinin tamaşasından sonra yaradıcı kollektivin üzvləri ilə görüşündə Ulu Öndər qeyd etdi ki, “Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir. Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirir”. 17 noyabr 1997-ci ildə Vokalçıların Bülbül adına I Beynəlxalq Müsabiqənin iştirakçılarına ünvanlanmış müraciətində dahi şəxsiyyətin bu fikirləri yer alır: “Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir”. 26 mart 1998-ci ildə Azərbaycanın Xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsindəki nitqində qeyd etdi ki, “Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şeirimizdir. Süleyman Rüstəmin şeirləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir”. 1998-ci ilin 11 aprelində dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi mərasiminin iştirakçılarına müraciətində bildirir ki, “Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik irs və müasir ədəbi həyatla bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik-romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur”. 24 aprel 1998-ci ildə Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində xalqımızın böyük oğlu bildirdi ki, “Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir”. 27 may 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində qeyd etdi ki, “Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir”. 9 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumdakı nitqində bildirdi ki, “Mirzə Fətəli Axundov İslam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, İslam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, İslam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır”. Həmçinin, vurğuladı ki, “Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur”. 8 aprel 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasındakı nitqində qeyd etdi ki, “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq”. Eyni zamanda, vurğuladı ki, “Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır”. "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 iyul 1999-cu il tarixli fərmanında bildirilir ki, “Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur”. Həmçinin, qeyd olunur ki, “Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur”. 12 oktyabr 1999-cu ildə Naxçıvan MR-nın təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında Ulu Öndər qeyd etdi ki, “Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır”. 13 oktyabr 1999-cu ildə Naxçıvanda görkəmli yazıçı-publisist, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı mərasimində söylədi ki, “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi”. 7 may 2000-ci ildə Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun “Aydin” pyesinin yeni quruluşda tamaşası zamanı sənətkarlarla söhbəti zamanı bildirdi ki, “Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir”. 13 oktyabr 2001-ci ildə dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsindəki nitqində vurğuladı ki, “Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir”. 9 iyun 2002-ci ildə Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində nitqində qeyd etdi ki, “Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır”. 6 sentyabr 2002-ci ildə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordeni təqdim edərkən bildirdi ki, “Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir”. 7 sentyabr 2002-ci ildə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində isə bildirdi ki, “Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır”. 8 sentyabr 2002-ci ildə görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda qeyd etdi ki, “Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi”. 9 oktyabr 2002-ci ildə İran rəssamı Vədud Müəzzinin fərdi sərgisinin açılış mərasimində söylədi ki, “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar”. 7 dekabr 2002-ci ildə dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində söylədi ki, “Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı”. Geri qayıt |