Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb

İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb


17-06-2023, 16:30


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bir daha onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 115 nəfər vətəndaş qəbul edilib. Onlardan 56 nəfərin müraciəti müsbət həll olunub, 59 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 14 nəfər vətəndaş müraciət edib. Onlardan 6 nəfər xəstəlik, 3 nəfər sənəd, 4 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər işlə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 6-sı yerində həll edilib, 8-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 4 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 59 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 29 nəfərin istəyi müsbət həll edilib, 30 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 28 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 7 nəfərin istəyi müsbət həll edilib, 21 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 4 nəfərin su xətti və su sayğacı, 1 nəfərin sayğacdan sızıntı barədə istəkləri müsbət həll edilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 

Qazax Rayon Gənclər və İdman İdarəsinə müraciət etmiş 2 nəfər vətəndaşın Respublika Olimpiya İdman Liseyinə qəbulla bağlı istəyi təmin edilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ


Geri qayıt