Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”
Prezident İlham Əliyev: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”12-04-2023, 12:31 |
Cari ilin 10 aprel tarixi Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, ölkə rəhbərinin mətbuata verdiyi bəyanat, Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində iştirakı və iki ölkə arasında mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Ölkə Prezidenti İlham Əliyev bəyanatında Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışından söz açaraq qeyd etdi ki, küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Dostluq rəmzinə toxunan ölkə rəhbəri bildirdi ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Müttəfiqlik münasibətlərindən danışan ölkə başçısı vurğuladı ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Dövlət başçısı bildirdi ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Ölkə rəhbəri söylədi ki, müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər. Dövlət başçısı bildirdi ki, əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmalıyıq. Ölkə rəhbəri bəyanatında beynəlxalq müstəvidə qarşılıqlı dəstəkdən də söz açdı. Qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb. Bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Ədalətli sülhün önəmli şərtlərinə toxunan ölkə başçısı bildirdi ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək. Prezident İlham Əliyev qeyd etdi ki, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malikdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində də çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki, hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi. Ölkə başçısı vurğuladı ki, Ulu Öndər həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Dövlət başçısı bildirdi ki, Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Sabit gələcəyin təməlindən danışan ölkə başçısı vurğuladı ki, Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu. Ulu Öndər Heydər Əliyevin əsas vəsiyyətinə toxunan ölkə rəhbəri bildirdi ki, Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq. Səfər çərçivəsində imzalanmış sənədlər də mühüm əhəmiyyət kəsb edir. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” da var. “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzalandı. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmış sənədlər arasındadır. Həmçinin, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” da imzalandı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Qazaxıstan arasında olan dostluq əlaqələri, səmimi münasibət hər iki ölkənin rəhbəri tərəfindən bundan sonra da ən yüksək səviyyədə təmin ediləcəkdir. Geri qayıt |