Əsas Səhifə > Rəsmi > Aprelin 3-dən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətində olacaq

Aprelin 3-dən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətində olacaq


31-03-2023, 16:22


Bu gün ölkəmizdə vətəndaş amili bütün sahələrdə ön plana çəkilir ki, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bunun əyani sübutudur. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.

Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri növbəti dəfə 3 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 109 ünvanında (“Azərpoçt” MMC-nin və Qazax Telekommunikasiya qovşağının  qarşısı) əhaliyə səyyar xidmətlər göstərəcəklər.

26 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir. 

Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək.

Məlumat üçün onu da qeyd edək ki, Səyyar “ASAN xidmət" avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr-4 noyabr 2022-ci il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.


GOYEZEN.AZ


Geri qayıt