Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”
Prezident İlham Əliyev: “Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”25-03-2023, 11:42 |
Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu üçüncü ildir ki, Qələbə sevinci ilə qeyd edir. Martın 18-də Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqdan Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciət etməsi, səsləndirdiyi səmimi ürək sözləri bayrama daha bir rəng qatdı, Azərbaycan xalqına qürur dolu anlar yaşatdı. Prezident İlham Əliyev bildirdi ki, üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. Milli həmrəyliyimizdən söz açan ölkə başçısı İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini qeyd etdi. Ölkə rəhbəri bildirdi ki, otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Dövlət başçısı qeyd etdi ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Ölkə Prezidentinin söylədiyi kimi, qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. İşğal edilmiş torpaqları qan tökərək azad etdik. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Dövlət başçısının da səsləndirdiyi kimi, İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Ermənistan rəhbərliyi çirkin əməllərdən çəkinməlidir. Ermənistanın arxasında dayanan bəzi ölkələr də əl çəkməlidir çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz. Ölkə başçısı vurğuladı ki, işğalı dondurmaq üçün davamlı cəhdlər atılırdı. Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər. İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Dövlət başçısı bildirdi ki, Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra yenə də bizə qarşı ədalətsiz addımlar atılır və çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı təzyiqlər oldu, Ermənistana isə yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək; “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. İşğal dövründə isə bizim bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər və kitablar dərc edilirdi. Haqlı vəzifəmiz odur ki, indi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik. Ölkə rəhbərinin də söylədiyi kimi, bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Rəsmi İrəvan indi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Ermənistan bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. Birgəyaşayışın şərtinə gəlincə Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. Bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi. Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. Yeni reallıqları hər kəs qəbul etməlidir. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Həqiqəti unutmaq olmaz. Biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik; Qələbəmizin şüarı isə “Qarabağ Azərbaycandır!”. Geri qayıt |