Əsas Səhifə > Rəsmi > Qurtuluşdan zəfərə!

Qurtuluşdan zəfərə!


15-06-2022, 09:56


1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Xalqımızın taleyində, dövlətçiliyimizin tarixində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.Ümummilli Liderimizin qeyd etdiyi kimi, Azərbaycan böyük təhlükə qarşısında idi.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il "olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə nail oldu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. İqtisadi və hüquqi islahatlara zəmin olan qanunvericilik bazası yaradıldı, dövlət idarəetmə sistemində geniş islahatlar həyata keçirildi, Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyasını təmin etdi və son nəticə etibarilə Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevirdi.

Bütün bunların da nəticəsində Ulu Öndər Heydər Əliyev tarix üçün çox qısa olan zaman kəsiyində özünün şah əsərini - demokratik dünya dəyərlərinə tam uyğun olan Yeni Azərbaycanı qurmağa müvəffəq oldu. 

Sevindirici haldır ki, Heydər Əliyev siyasəti və ideyaları hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Müstəqil Azərbaycanın qüdrətinin artması və dünya birliyindəki mövqeyinin güclənməsi hər birimizdə fəxarət hissi doğurur.

Ən əsası da Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək verdiyi sözü tutdu. Şanlı ordumuzun rəşadəti, ölkə başçısının qətiyyəti sayəsində Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu, hər bir azərbaycanlı üçün qürur və fəxarətdir. Xalq olaraq bizi 30 illik həsrətdən sonra doğma Qarabağımıza, cənnət Şuşamıza qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə borclu və minnətdarıq. Bunu hər zaman xatırlayırıq, xatırlayacağıq da!..

Bu gün hamımız əminik ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha yüksək zirvələr fəth edəcək.

Ramiz ŞƏMMƏDOV,

Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi, Ədliyyə müşaviri


Geri qayıt