Əsas Səhifə > Rəsmi > Qazaxda “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Qazaxda “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib10-06-2022, 16:14 |
İyunun 10-da Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsinin birgə təşkilatçılığı ilə "Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, RİH başçısının kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının əməkdaşları, sahibkarlar iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. A.Hümbətov Respublika Prezidentinin "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanına əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, vətəndaşlara göstərilən xidmətlərdən söz açıb. Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı olduğunu diqqətə çatdırıb. Sonra Gəncə regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Orxan Xıdırov "Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti”, Gəncə regional miqrasiya idarəsi, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru, kiçik miqrasiya xidməti qulluqçusu Xanlar Əsgərov "Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər”, Gəncə regional miqrasiya idarəsi, Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Vüsal Xəlilov "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə məlumat verilib. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan qanunsuz miqrasiya tədbirləri barədə geniş məlumat verilərək qanunsuz miqrasiyasının qarşısının alınması üçün aidiyyəti dövlət orqanlarının, həmçinin vətəndaşların bu sahədə Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqələrinin vacibliyi diqqətə çatdırılıb. Qanunsuz və ya sənədsiz yaşayan şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsi üçün onların leqallaşdırılmasının mühüm əhəmiyyətə malik olduğu da qeyd olunub. Elektron xidmətlər və MİGaz mobil tətbiqi ilə bağlı da geniş məlumat verilib. Tədbirin sonunda səyyar xidmət təşkil olunub. Ümumilikdə, 8 nəfərə səyyar xidmət göstərilib. Onlardan 5 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə vətəndaşlıq mənsubiyyəti ilə bağlı qərar, 1 nəfərə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə sənəd siyahısı təqdim edilib. 1 nəfərin isə sənədləri vətəndaşlıq mənsubiyyətinin araşdırılması məqsədilə qəbul olunub.
GOYEZEN.AZ Geri qayıt |