Əsas Səhifə > Rəsmi > “Tarixi qələbəmizə həsr olunmuş amnistiya dövlətin humanizm ənənələrinin davamıdır!”

“Tarixi qələbəmizə həsr olunmuş amnistiya dövlətin humanizm ənənələrinin davamıdır!”


18-12-2021, 17:06


Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Bu kontekstdə respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir.

Müstəqil Azərbaycanda artıq humanist aktların həyata keçirilməsi ənənəsi formalaşıb. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Onun böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismi də bağışlanıb. Prezident İlham Əliyev tərəfindən də 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı əfv fərman və sərəncamları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib. 

5 noyabr 2021-ci il tarixdə Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiyanın elan olunması barədə qanun layihəsini təsdiq edib. Bu günə kimi Azərbaycanda humanizm siyasətinin davamlı olaraq həyata keçirilməsi nəticəsində 1995-ci ildən başlayaraq bu günə kimi 67 əfv fərmanı və sərəncamı imzalanmışdır. Bu müddət ərzində 11 amnistiya aktı qəbul edilib. İndiyə qədər qəbul edilmiş amnistiya aktları ümumilikdə 117 min şəxsə şamil olunub.

5 noyabr 2021-ci il tarixində qəbul edilmiş amnistiya aktı öz miqyasına və əhatə dairəsinə görə bu günə qədər qəbul edilmiş ən böyük amnistiya aktıdır.

Amnistiya aktının əhatə dairəsinin geniş olması bir tərəfdən onun ölkəmizin tarixi Zəfərinin ildönümünə təsadüf etməsi ilə bağlıdırsa,  digər tərəfdən, Azərbaycan dövlətinin ali məqsədinin insan hüquq və azadlıqlarının, vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin olunması ilə əlaqədardır. İstənilən amnistiya aktının humanizmə əsaslanması  bu prinsipin dövlət siyasətinin təməlində dayanması ilə izah oluna bilər. Nəticə etibarilə bu akt da özündən əvvəlkilər kimi  ehtiyacı olan, eyni zamanda, islah olub faydalı şəxs kimi cəmiyyətin inkişafına töhfəsini verə biləcək insanların mənafeyinə xidmət edir. Prezident İlham Əliyev məhkum həyat yaşamış şəxslərə cəmiyyətə inteqrasiya olunmaları üçün növbəti şans verib. Bu mənada sözügedən humanizm aktı təkcə həmin məhkumların özləri və ailələrinə deyil, qohumlarına və yaxınlarına verilmiş ikinci şansdır.

44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunmuş bu amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil olacağı gözlənilir. Bu amnistiya aktı on minlərlə azərbaycanlının 8 Noyabr - Zəfər Günü sevincinə əlavə sevinc qatmışdır və Azərbaycanda həyata keçirilən humanizm siyasətinin bariz nümunəsidir.

Milli Məclis möhtərəm Prezidentimizin bu təşəbbüsünü dəstəkləyərək, humanizm ənənələrini davam etdir­miş, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Azərbaycan Respublikası Konstitusi­yasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi barədə qərar qəbul edib.

Amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir. Ölkəmizdə aparılan genişmiq­yaslı islahatların nəticəsi olaraq, hazırda məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nəzərdə tutulan təkmilləşmə prosesi son dövrlər bütövlükdə, ölkə üzrə həyata keçirilən geniş islahatlar kursunun tərkib hissəsidir. Bu sahədə daha yüksək nəticələrə nail olmaq məqsədilə Prezident İlham Əliyevin im­zaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqın­da” 2019-cu il 3 aprel tarixli Fərman mühüm siyasi əhəmiyyət kəsb edir. Bu sənəd respublikamızda norma­tiv-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursun keyfiyyətcə yeni mərhələsinin başlanğıc nöqtəsi də hesab olunur.

Vətən müharibəsində qazanıl­mış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü alqışla qarşılan­mışdır. Hazırkı amnistiya aktı ge­nişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 məhkuma, Pro­basiya Xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiya aktının icrası onun şamil edildiyi 17 min nəfərdən 15 minə yaxını ədliyyə orqanları tərəfindən təmin olunacaq. Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı da tədbirlər görü­lüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır.

Azərbaycanın sürətli inkişafı, Ermənistanın 30 illik işğalçı siyasətinə 44 gün ərzində rəşadətli ordumu­zun gücü ilə son qoyulması və Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi prioritet vəzifə kimi qarşı­ya qoyulub. Hazırda Azərbaycanda vətəndaşlar cəmiyyət həyatında qanunla qadağan edilməmiş hər şeydə azaddırlar. Bu da ölkə başçısı­nın humanist siyasətinə xüsusi önəm verməsinin göstəricisidir.

Tərlan KƏRİMOV,

Qazax rayon prokurorunun köməkçisi


Geri qayıt