Əsas Səhifə > Rəsmi > 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir
44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir30-06-2021, 10:01 |
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq. Və sonda Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan” sarayında Azərbaycan Ordusunun bir qrup rəhbər və şəxsi heyəti ilə olan görüşdə səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşı olaraq hər birimizi bir daha qürurlandırdı. Ali Baş Komandanımızın da söylədiyi kimi: "İkinci Qarabağ müharibəsi o müharibədir ki, Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”. Heç kəsə sirr deyil ki, ölkə başçısının da vurğuladığı kimi, "Birinci Qarabağ müharibəsi Azərbaycanda böyük humanitar fəlakətə səbəb olmuşdur. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi”. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”. Hər zaman işğalçı möveqedə olan Ermənistanın inkişafı üçün yeganə yol isə öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. 44 günlük Vətən müharibəsi zamanı bir daha əmin olduq ki, bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi. Havadarlarının əli ilə qalib gəlmək xülyası suya düşdü, arzu etdikləri nə vardısa, hamısı puç oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə isə təsadüfi deyildi. Çünki bu nailiyyətin arxasında Qələbəni təmin edən uğurlar dayanırdı. Hələ illər öncə Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Əsasən də ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bunun arxasında isə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımı, mövqeyi, yürütdüyü uğurlu dövlət siyasəti dayanır. Qazandığımız Zəfərdə beynəlxalq mövqelərimizi möhkəmləndirən ikitərəfli əlaqələr də mühüm rol oynadı. Əldə etdiyimiz tarixi Qələbə sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Heç kəsə sirr deyil ki, müharibə zamanı Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. Çünki Ermənistandan fərqli olaraq ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Bizim gücümüzə güc qatan, daim yanımızda olan qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi. Bu isə o deməkdir ki, Azərbaycanın haqq savaşında ədaləti bərpa etməsi qaçılmaz idi. Hər kəsə o da yaxşı məlumdur ki, ölkənin iqtisadi potensialı qələbəni təmin etməkdə əsas amillərdən biri olmuşdur. Hazırlıq işlərində iqtisadi amil hər zaman aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək başlıca vəzifələrimizdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. 44 günlük Vətən müharibəsi zamanı bir daha əmin olduq ki, iqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Bu gün fəxrlə deyə bilərik ki, illər ərzində görülmüş işlər öz müsbət nəticəsini göstərir. Böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Məhz hazırlıq hesabına güclü dövlət yaratmışıq. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bütün bunlarla yanaşı, uğurun əsas amili həm də xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz rəhbərinin və ordusunun yanında olması, bir yumruq kimi birləşməsi bunu bir daha sübut etdi. Münaqişənin sülh yolu ilə həll olunmasına mane olan beynəlxalq riyakarlıqlara baxmayaraq Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində hansı gücə və qüdrətə sahib olduğunu aydın şəkildə göstərdi. Və bütün dünya da şahidi oldu ki, "İkili standartlar” siyasəti beynəlxalq təşkilatlara qarşı etibarı azaldır. Beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Bütün dünya dövlətlərinə yaxşı məlumdur ki, ermənipərəst dairələr və ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Uzun illər idi ki, danışıqlar nəticəsiz qalmışdır və sülh yolu ilə münaqişənin həlli mümkünsüz olmuşdur. Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Biz heç vaxt imkan verə bilməzdik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Bu gün qürurverici haldır ki, ölkəmizin hərbi qüdrəti durmadan artır. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun silah-sursatla təchiz edilməsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Əminliklə deyə bilərik ki, yüksək texniki təminat Ordumuzu daha güclü etdi. Bütün digər sahələrdə olduğu kimi texniki təminat sahəsində də böyük işlər görülmüş və İkinci Qarabağ müharibəsində bunu nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Bu gün isə qarşımızda güclənən Azərbaycan və məhv olan Ermənistan var. Ən əsası da Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Azərbaycan dövləti isə Qarabağı yenidən cənnətə çevirərək bundan sonra da fəxrlə söyləyəcək ki, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
GOYEZEN.AZ Geri qayıt |