Əsas Səhifə > Rəsmi > Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3562 nəfər yararlanıb

Qazaxda Gəncə Səyyar “ASAN xidmət"in fəaliyyətindən 3562 nəfər yararlanıb


28-06-2021, 10:10


Bu gün ölkə hüdudlarından kənarda da brendə çevrilən, vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” qısa müddətdə ölkəmizdə əhalimizin inamını və rəğbətini qazanıb. Bütün dünyada kifayət qədər tanınan və öyrənilən, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə seçilən "ASAN xidmət”in üstün cəhətlərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsidir. "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda da sakinlərə xidmət göstərilməsidir. Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq Səyyar xidmətin əsas məqsədidir.

Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri "ASAN xidmət”in fəaliyyətindən yararlanıblar. 27 may-25 iyun 2021-ci il tarixlərində rayonumuzda olan Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub. 30 gün müddətində səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar.

Avtobus fəaliyyətə başladığı andan son günə kimi 3846 nəfər vətəndaş müraciət edib. Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri  tərəfindən göstərilən xidmətlərdən 3562 nəfər yararlanıb.

Vətəndaşlara Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin qarşısı) səyyar xidmət göstəriblər. Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxil edilib.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.

GOYEZEN.AZ


Geri qayıt