Əsas Səhifə > Rəsmi > “Cənab Prezident, gördüyünüz işlərə görə, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə təşəkkür edirəm”

“Cənab Prezident, gördüyünüz işlərə görə, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə təşəkkür edirəm”


25-02-2021, 16:34


Sahilə Orucovadan,

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz bu illər ərzində apardığınız müdrik və məqsədyönlü siyasət nəticəsində xalqımız bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, dövlətçiliyimiz və müstəqilliyimiz möhkəmlənmiş, Azərbaycan Respublikası siyasi və hərbi baxımdan qalib dövlət kimi öz şərəfli adını dünya tarixinə qızıl hərflərlə yazdırmışdır. Məhz Sizin gərgin əməyiniz, uğurlu siyasətiniz nəticəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının övladları dövlətimizin ətrafında bir yumruq kimi birləşmiş, beləliklə, sosial sülhün və ədalətin hökm sürdüyü nümunəvi bir cəmiyyət formalaşmışdır.

Cənab Prezident, Azərbaycan xalqının övladları - sadə insanlar, ziyalılar, dövlət qulluqçuları, dindarlar, bir sözlə, Vətənini sevən hər bir şəxs Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləyir, Sizi özünə nümunə kimi qəbul edərək imkanları çərçivəsində xalq və dövlət qarşısında olan borcunu yerinə yetirməyə çalışır. Əhalinin sosial rifah halının yüksəldilməsi, aztəminatlı ailələrin dəstəklənməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olmuş şəxslərin, habelə qazilərin problemlərinin həll olunması istiqamətində Sizin həyata keçirdiyiniz mühüm tədbirlər Qazax rayonunda da ardıcıl şəkildə davam etdirilir.

Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılır, onların problemləri həll olunur. Bu hal, Sizin siyasi kursunuzda öz ifadəsini tapmış mühüm bir məqamın – məmur-vətəndaş münasibətlərinin yaxşılaşmasının, vətəndaş məmnunluğunun təmin olunmasının bariz təcəssümü hesab edilə bilər.

Bizim rayonda sadə zəhmət adamları, ziyalılar, dindarlar ələ-ələ verərək Sizin Azərbaycanımızı inkişaf etdirmək üçün müəyyən etdiyiniz bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Bir mömin qadın kimi mən də Sizin xalqımızın hərtərəfli inkişafına yönəlmiş siyasətinizi dəstəkləyir, dinimizin insanların mənəvi dünyasının saflaşdırmaq, onları Vətənə və dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi yetişdirmək kimi mühüm missiyasını dərindən dərk edərək, üzərimə düşən vəzifələri ləyaqətlə həyata keçirməyə çalışıram.

Cənab Prezident, gördüyünüz işlərə görə, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə təşəkkür edirəm.

Dərin hörmətlə,

Orucova Sahilə Musa qızı

Çaylı kənd məscidinin dini icmasının sədri

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.


Geri qayıt