Əsas Səhifə > Rəsmi / İdman > Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib

Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib


13-05-2017, 08:05
Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib

Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın - IV İslam Həmrəyliyi Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
Tamaşaçılar açılış mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionuna daxil olaraq yerlərini tutdular.

GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər əyləşmişdilər.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. "Bakı-2017"nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.

Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başladılar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.
Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım və "Bakı-2017"nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamladılar.

Stadionda bəstəkar Eldar Mansurovun "Yallı"sı səsləndi. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxdı. Onlar əllərində parıldayan altıbucaqlı tutmuşdular. Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqasəsi onlara qoşuldu.

Səhnədə aypara və ulduzlar formalaşdırıldı, "Bakı-2017"nin loqosu nümayiş etdirildi. Altıbucaqlar Azərbaycan bayrağına çevrildi.
Azərbaycan bayrağı dövlət himninin sədaları altında stadiona gətirildi, Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırıldı.
Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.
Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərildi.

Suları toplayan 16 uşaq səhnəyə çıxdı.
Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltdılar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başladı.
Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatdı.
Nəhayət, atletlərin paradı başladı. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil oldu. İdmançıları əlində lövhə tutan oğlan və mis qabda su daşıyan qız müşayiət edirdi.

Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçdilər.
Komandaların paradını Kot d'İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirdilər.
Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil oldular.
Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunaların önündən keçdilər.
Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatdı.
Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamladılar.
Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur "Azərbaycan" mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil oldu. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparırdı.
İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunurdu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamladılar.
Bununla da, idmançıların paradı başa çatdı.

Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başladı. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirdilər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya oyunlarının çempionları Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var idi.
Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırdılar.
İdmançılar və hakimlər adından taekvandoçu, "Rio-2016" Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, "Afina-2004" Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanov and içdilər.

Azərbaycanın Birinci vitse-prezidenti, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi
Yusif Əl-Osaymin çıxış üçün səhnəyə dəvət olundular.
Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Xanım Mehriban Əliyevanın çıxış etdi.
Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Sonra mikrofonun önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi.
Sonra atəşfəşanlıq başladı və gecə səmasında fişənglərin yazdığı "Bakı-2017" sözləri bərq vurdu.
IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitdi. Bakının bahar səması əlvan rənglərə boyandı.
Beləliklə, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bu mərasimlə IV İslam Həmrəyliyi Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı.
Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib
Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib

Geri qayıt