Əsas Səhifə > Rəsmi > Qazaxlı marşrut sürücülərindən Qələbə Günü münasibətilə nümunəvi addım

Qazaxlı marşrut sürücülərindən Qələbə Günü münasibətilə nümunəvi addım


11-11-2020, 20:05


10 noyabr tarixi ölkəmizdə Qələbə Günü kimi yaddaşlara həkk olundu. 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu Ermənistana, eləcə də bütün dünyaya öz gücünü göstərdi. 27 sentyabrdan başlayan haqq savaşımız Allahın izni, ordumuzun, əsgər və zabitlərimizin, hərbçilərimizin, ürəyi Azərbaycanla döyünən igid oğullarımızın tarixi qələbəsi ilə başa çatdı. İllərdir ki, həsrətlə, intizarla, göz yaşları ilə gözlənilən o tarixi günü bizlərə Ali Baş Komandan İlham Əliyev və şanlı Ordumuz yaşatdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizi - Ermənistanın təslim olmasının müjdəsini verməsi, 30 il davam edən işğala son qoyulduğunu elan etməsi hər bir ölkə vətəndaşı tərəfindən böyük coşqu, sevinc, fərəh hissi ilə qarşılandı. Tarixi Qələbəni əsl toy-bayram əhval-ruhiyyəsi ilə qeyd edən qazaxlılar da ikiqat sevinc hissi yaşadılar. Həm Qarabağın azad olunmasını, həm də Qazaxın işğal altında olan 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin geri qaytarılması xəbərini böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Qələbə xəbərini gecə saatlarından öyrənən qazaxlı marşrut sürücüləri sevinclərindən gözəl bir təşəbbüs irəli sürüblər. 10 Noyabr - Qələbə Günü münasibətilə sərnişinlərdən yol haqqını almayıb, mənzil başına pulsuz çatdırıblar.

"Qazax Avtovağzal” ASC-nin şəhərdaxili və şəhərətrafı xətdə olan 60 marşrut sürücüsü bu gözəl təşəbbüsə qoşulub. Bu nümunəvi təşəbbüs sayəsində təxminən 3800-4000 sərnişinə pulsuz xidmət göstərilib.

GOYEZEN.AZ internet portalına müsahibə zamanı Qələbə təbriklərini bölüşən sürücülər birliyimizin, həmrəyliyimizin tərənnümü olan Qələbə Gününün sevincini bu yolla bölüşmək istədiklərini bildiriblər. Qələbə sevincini rayon sakinləri ilə, xalqla birlikdə yaşamaq üçün irəli sürülən təşəbbüsün hər kəs tərəfindən razılıqla qarşılandığını vurğulayıblar.

Təşəbbüsə qoşulan sürücülərdən Aşağı Salahlı kənd sakini Sərxan Hacıyev, Dəmirçilər kənd sakini Şakir İsgəndərov, Yeni Qəsəbə-Qazaxbəyli marşrutu üzrə sərnişin daşıyan Xaliq Məmmədrzayev, Çaylı kənd sakinləri Oktay İsaqov, Arzuman İsgəndərov, Qazax-Sınıq Körpü marşrutu üzrə sərnişin daşıyan Füzuli Əfəndiyev, Daş Salahlı kənd sakini Balabəy Hacıməmmədov, Xanlıqlar kənd sakini Oruc Abbasov, Kəmərli kənd sakini Məhəmməd Quliyev, Qaymaqlı kənd sakini Qabil Paşayev Qarabağın azad olunması və bu tarixi Qələbə münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı və bütün xalqımızı bir daha səmimi qəlbdən təbrik ediblər. Azərbaycan xalqına qələbə sevincini yaşadan Ali Baş Komandana və şanlı Ordumuza rayon sakinləri adından bir daha minnətdarlıqlarını çatdırıblar. Qələbəni bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid atalarının, analarının, ailələrinin qarşısında baş əydiklərini, özlərini hər bir şəhid ailəsinin üzvü hesab etdiklərini, onların ağrı-acılarını öz ağrı-acıları bildiklərini dilə gətiriblər. Yaralı hərbçilərimizə tez zamanda sağalıb ailələrinin yanına qayıtmalarını arzulayıblar.

Sürücülər bir arzularının da olduğunu bildiriblər. Onlar tezliklə Qazaxın işğalda olan 7 kəndinin işğaldan azad olunmasını, Qələbə Gününü qeyd etmək üçün həmin kəndlərə sərnişin daşımalarını, belə bir təşəbbüsün o zaman gerçəkləşməsini arzu ediblər.

Qələbə sevincini ürəkdolusu sözlərlə çatdıran sürücülər haqq-ədalət mübarizəsində zəfər çalan Prezidentimizə, Ordumuzun qəhrəman zabit və əsgərlərinə sonda bir daha cansağlığı və böyük uğurlar diləyiblər.

 










GOYEZEN.AZ


Geri qayıt