Əsas Səhifə > Rəsmi > “PAŞA Holding” MMC qismən hərbi səfərbərliyə cəlb olunmuş qazaxlı döyüşçülərin ailələrinə dəstək olub
“PAŞA Holding” MMC qismən hərbi səfərbərliyə cəlb olunmuş qazaxlı döyüşçülərin ailələrinə dəstək olub3-11-2020, 13:09 |
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuz hərb tariximizə qələbələrlə, zəfərlərlə dolu yeni səhifələr yazır. Qəhrəmanlıqları, igidlikləri ilə bütün dünyaya Azərbaycan dövlətinin və ordusunun gücünü nümayiş etdirirlər. Bu gün müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandıqları uğurlar hər bir ölkə vətəndaşını sevindirir, ürəyini fərəh hissi ilə döyündürür. Bu gün əli silah tutan hər bir Azərbaycan övladı, oğlu, gənci ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini canla-başla yerinə yetirməyə, Vətən qarşısında olan borcunu qaytarmağa can atır. Məhz bu səbəbdən Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən cəbhəyə yola düşən igid Vətən oğullarının sayı gündən-günə artır. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən və bizlərə qələbə sevincini yaşadan hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək isə hər kəsin vətəndaşlıq borcu olmalıdır. Ölkə vətəndaşı olaraq hər birimiz çalışmalıyıq ki, ön cəbhədə düşmənə qarşı vuruşan igid Vətən oğullarının arxa cəbhədə olan ailələrinə, yaxınlarına sahib çıxaq, qayğıları ilə maraqlanaq. Fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri ilə seçilən "PAŞA Holding" MMC də Vətənin müdafiəsinə qalxan, ön cəbhədə döyüşən hərbçilərimizin ailələrini diqqətdən kənarda qoymayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz Birlikdə Güclüyük!” şüarını hər zaman əldə rəhbər tutan "PAŞA Holding" MMC ölkə başçısının "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuş və ön cəbhəyə yollanmış qazaxlı döyüşçülərimizin arxa cəbhədə olan ailələrinə dəstək olub. Döyüşçülərimizin ailələri ziyarət olunub və sovqat çatdırılıb. Şanlı Ordumuzun gücü, qüdrəti sayəsində bizi daha böyük qələbələrin gözlədiyi qeyd edilib. Bütün hərbçilərimizin, döyüşçülərimizin və onların ailələrinin bizim üçün doğma, əziz olduqları bir daha vurğulanıb. "PAŞA Holding" MMC-nin bu nəcib təşəbbüsü dövlətin, ölkə Prezidentinin hərbçilərimizə, onların ailələrinə olan diqqət və qayğısını, birliyimizi, həmrəyliyimizi nümayiş etdirib. Onlara göstərilən qayğıya görə razılıqlarını ifadə edən hərbçi ailələri ölkə Prezidenti İlham Əliyevə və "PAŞA Holding" MMC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |