Əsas Səhifə > Rəsmi > “Bu gün güclü və yenilməz ordumuzun düşmən üzərində qələbə çalması Azərbaycanın və onun əsgərinin nəyə qadir olduğunu nəinki düşmənə, bütün dünyaya göstərir”
“Bu gün güclü və yenilməz ordumuzun düşmən üzərində qələbə çalması Azərbaycanın və onun əsgərinin nəyə qadir olduğunu nəinki düşmənə, bütün dünyaya göstərir”11-10-2020, 14:17 |
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr hər bir Azərbaycan vətəndaşı, eləcə də xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda da ifadə edirlər. Qazax sakinləri də Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini ünvanladıqları məktublarda böyük ruh yüksəkliyi ilə bildirirlər. Prezidentin saytına ünvanlanmış növbəti məktubları təqdim edirik. Azər Məmmədovdan, Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bu gün biz – Qazax rayonunda yaşayan imtiyazlı təbəqə Azərbaycan Ordusunun cəbhə boyu göstərdiyi qəhrəmanlıqları, Sizin göstərdiyiniz iradə və əzmi, siyasi meydandakı qələbənizi eşidib-görərək sevinc və qürur hissi keçirir, fərəhlənirik. Cənab Ali Baş Komandan, biz keçmiş döyüşçülər Azərbaycanımızın ərazi bütövlüyünün bərpası və qorunmasında az da olsa iştirak etmiş, qaziyə çevrilmişik. Bu gün güclü və yenilməz ordumuzun düşmən üzərində qələbə çalması, Azərbaycanın və onun əsgərinin nəyə qadir olduğunu, nəinki düşmənə, bütün dünyaya göstərməsi bizi qürurlandırır. Vətənimizin işıqlı gələcəyinə inamımızı daha da gücləndirir. Möhtərəm Prezident, "Torpaq – uğrunda ölən varsa Vətəndir” deyiblər. Bu gün şəhidlərimizə xalqın və dövlətin göstərdiyi sevgi, diqqət və qayğı Sizin uğurlu və uzaqgörən siyasətinizin bariz nümunəsidir. Cənab Prezident, Azərbaycanımızın müqəddəs bayrağının Xankəndidə, Şuşada dalğalanacağı günə çox az qalıb. Vətənimizin işıqlı gələcəyi, bütövlüyü naminə Allah Sizi, ailənizi, Azərbaycan Ordusunu və xalqımızı qorusun! Hörmətlə, Azər Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri. Azərbaycan Respublikası, Qazax rayonu.
İqbal Bayramovdan, Əziz və hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız. Son zamanlar erməni faşistləri üzərində əldə etdiyimiz qələbələr xalqımızı o qədər sevindirir ki, dil ilə bunu ifadə etmək mümkün deyil. Bu qələbə münasibətilə Sizi özümün, ailəmin və işlədiyim Qazax Suvarma Sistemləri İdarəsinin çoxsaylı işçiləri adından təbrik edirəm. Sizin bütün siyasətinizi ürəkdən bəyənir, elliklə dəstəkləyir və güvənirik. Allah Sizə yar olsun. Necə ki, bizim hal-hazırda üçrəngli bayrağımız doğma Qarabağımızın bir neçə şəhərində dalğalanır, inanırıq ki, tezliklə bütün işğal olunmuş torpaqlarımızın hamısında dalğalanacaq. Siz daim xalqımızın yaddaşında dahi bir rəhbər, müdrik tarixi şəxsiyyət və qəhrəman sərkərdə kimi qalacaqsınız. Allah Sizi, ailənizi və şanlı Ordumuzu qorusun! Hörmətlə, İqbal Bayramov Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi. Geri qayıt |