Əsas Səhifə > Rəsmi > “Peşəyönümü nədir?”
“Peşəyönümü nədir?”26-04-2017, 16:06 |
Qazaxda bu mövzuda keçirilən tədbirdə məktəb direktorları, şagird-müəllim kollektivləri, valideynlər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edib. Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməli, müəyyənləşdirməlidir. Əmək bazarındakı real tələbata uyğun olaraq arzu və istəklərin həyata keçirilməsində düzgün peşə seçiminin vacibliyini bildirən natiq bu məsələdə valideynlərin üzərinə daha böyük məsuliyyətin düşdüyünü qeyd edib. “Təhsilin innovativ inkişafı” Mərkəzinin psixoloqu Zümrüd Səfərova, mərkəzin əməkdaşı Elnur Tağıyev çıxış edərək peşə və ixtisası düzgün seçmək üçün Məşğulluq Mərkəzləri tərəfindən peşəyönümü məsləhətinin alınmasının vacibliyindən söz açıblar. Bildiriblər ki, vətəndaşlar respublikanın bütün şəhər və rayonlarında Məşğulluq Mərkəzləri tərəfindən məşğulluq növünü, iş yerini və əmək rejimini seçmək üçün peşəyönümünə, peşə hazırlığına və yenidən hazırlığa, ixtisasının artırılmasına dair pulsuz məsləhətlər ala bilərlər. RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova tədbirdə çıxış edərək rayon İcra Hakimiyyəti Aparatı adından qonaqları salamlayıb və bu cür tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib. Şagirdlərin düzgün peşəyə yiyələnməsi və ixtisas seçməsi baxımından belə maarifləndirmə xarakterli tədbirlərin böyük əhəmiyyətinin olmasını qeyd edən natiq valideynləri uşaqlarının seçiminə hörmətlə yanaşmağa, onlara düzgün seçim etmələrində yardımçı olmağa çağırıb. Şəhər 1 saylı tam orta məktəbin məzunu olmuş, hal-hazırda Varşavada xarici təhsil almaq imkanı qazanmış həmyerlimiz Elçin Lətifov çıxış edərək qazandığı bu uğura görə müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib və məktəbliləri öz istəklərinin arxasınca getməyə və düzgün seçim etməyə səsləyib. GOYEZEN.AZ
Geri qayıt |