Əsas Səhifə > Rəsmi > Ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik

Ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik


1-04-2020, 15:03


Bildiyiniz kimi,ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində zəruri tədbirlər görülür.

Qazax Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah üzvlərinin iştirakı ilə mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə tədbirləri aparılır. Şəhərin ayrı-ayrı küçələrində əhali ilə söhbətlər zamanı yaşlı insanlara, birlikdə toplaşaraq gəzən gənclərə və digər sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin vacibliyi bildirilir. Yalnız zəruri ehtiyac yaranarsa, qoruyucu vasitələrdən istifadə edərək qısa vaxt ərzində işlərinin görülməsi tövsiyə olunur. Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək 10 nəfərdən artıq qruplarda cəmləşməmələri, 2 metr məsafənin gözlənilməsi, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğu bir daha çatdırılır.

Çox təəssüflər olsun ki, bu gün bütün dünyada yayılmaqda davam edən koronavirus infeksiyasını və yaxud da onun törədəcəyi fəsadları əksər vətəndaşlarımız hələ də qəbul etmək istəmir. Ölkədə yaranmış vəziyyətin ciddiliyini qəbul etməyən həmin vətəndaşlar koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərini pozurlar.

Bir neçə gündür ki, "Kapital Bank” ASC-nin Qazax filialının qarşısında yaranan vəziyyət, insanların sıxlığı bir daha sübut edir ki, əksər vətəndaşlar elan edilmiş karantin rejminin məsuliyyətini dərk etmir. Mobil qrup üzvləri tərəfindən kütləvi şəkildə toplaşmamaları ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bu cür hallara yol verirlər.

Bu cür vəziyyətin yaranmasına isə bir növ Operativ Qərargahın tövsiyələrində əksini tapan onlayn və səyyari xidmətlərin göstərilməməsi öz təsirini göstərir.

Bununla bağlı vətəndaşların nəzərinə çatdırırıq ki, yaranmış vəziyyətin aradan qaldırılması üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən "Kapital Bank” ASC-nin rəhbərliyinə rəsmi müraciət olunub. Odur ki, vətəndaşlardan bu hal aradan qaldırılanadək xüsusi karantin rejiminin tələblərinə birmənalı şəkildə əməl etmələri tövsiyə olunur.

Unutmayın ki, sağlamlığımızı qorumaq həm də öz əlimizdədir!

GOYEZEN.AZ


Geri qayıt