Əsas Səhifə > Rəsmi > İnsanların inamı qayıdır

İnsanların inamı qayıdır


1-09-2016, 18:49
BAŞ REDAKTORDAN
İnsanların inamı qayıdır
İnsan həyatında ən əhəmiyyətli duyğulardan biri inamdır. Heç kimə sirr deyil ki, insan insana etibar etməsə, həyatda inamla yaşamasa heç bir uğur qazana bilməz. Özünü boşluqda hiss edər. Hər an düşmək, yıxılmaq qorxusuyla yaşamağa başlayar. İnsanın inamı sarsıldımı, qırıldımı digər mənfi duyğular üstünə yürüşə başlayar. Yerdən də, göydən də əlini üzər. Belə insanın söz azadlığı olmaz. Nə isə söyləmək istəyəndə min yol düşünər: “Görəsən bir söz desəm məni düzgün başa düşərlərmi, anlayarlarmı?” – deyər. İnam, etibar duymadığın bir mühitdə yaşamaq doğurdan da çətindir.

Danılmaz faktdır ki, neçə illərdir qazaxlılar belə bir çətin, ümidsizlik, inamsızlıq içində yaşamışdır. Sanki dərin bataqlığa düşərək buradan nə vaxtsa çıxa biləcəklərinə inamı itirmişdilər. Çünki hər gün döyülən qapıdan hər dəfə naümid qayıtmış, boş vədlər, sözlər eşitmişdilər. Evlərinə, ailələrinə əliboş, məyus qayıdaraq özləri öz gözlərindən düşərək gücsüz, aciz olduqlarını hiss etmişdilər.
Deyirlər ümid sonda ölür. Axı, işıq gəlməyən yerə necə ümid etmək olar? Bu, öz-özünü aldatmaq deyilmi? Ümidi öldürmək insanı öldürməkdən çətindir. Dərindən düşünəndə görürsən ki, həqiqətən də ümidi öldürmək çox çətindir. Bu, həyatın sonu deməkdir. Lakin ümidsiz də yaşamaq olmaz. Nəyinsə olmayacağını bildiyin halda yenə də qəlbinin dərinliyində ümid işığı olur.

Qazaxlıların qəlbində bu ümid işığı Rəcəb Babaşovun Qazax rayon İcra Hakimiyyətinin Başçısı təyin olunan gün yandı. Elə ilk gündən bütün qaranlıqlar işıqlandı. Qazaxın küçələrini, kəndlərini qarış-qarış gəzərək harda nə problem, çatışmazlıq varsa onları üzə çıxartdı, önə çəkdi. Yerindəcə məqsədyönlü qərarlar çıxararaq aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verdi. Bir neçə günə şəhər elə bir səliqə-sahmana salındı ki, insan bu gözəlliklərə baxdıqca heyran qaldı. Şəhərin girişindən çıxışına kimi hər tərəf tərtəmiz oldu.

İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Rəcəb Babaşov Qazaxın zamanını dəyişdi. Artıq pis zamanlar arxada qaldı və biz yaxşı zamana doğru iri və iti addımlarla irəliləyirik. May günəşi doğdu rayon sakinlərinin üzünə. Bağlı qapılar açıldı, insanlar öz problemlərini, dərdlərini deməyə başladılar. Ürəklərin dərdi əridi, üzlərdəki gərginlik yoxa çıxdı, əsəblər bir daha gərilmədi. Bir sözlə, həyat yeni bir axara düşdü. Yenilik, quruculuq və yaradıcılıq adlı bir axara.

Bir zaman rayon rəhbərliyinin qəbuluna düşmək, söz demək üçün aylarla ayaq döyürdülər icra hakimiyyətinə. Açılmayan bir qıfıla dönmüşdü bu ali dövlət idarəsi. Ya növbə çatmırdı, ya da növbə çatanda qəbul zamanı bitirdi. Beləcə problem problem kimi qalırdı, qalaqlanırdı. Günlər aylara, aylar illərə dönürdü. Heç nə dəyişmirdi.
May ayının 19-dan isə hər şey dəyişib. Daha qazaxlılar zamanı gözləmir, zaman onları gözləyir. Gün ərzində səhərdən gecəyə qədər fasiləsiz olaraq vətəndaşlar rahat şəkildə qəbul edilir. Hər kəsin ayrı-ayrılıqda problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. Elə bu səbəbdən də gün ərzində insanlar rayon İcra Hakimiyyətinə, Rəcəb Babaşovla görüşə tələsir. İcra başçısı vətəndaşları tək qəbul günlərində deyil, başqa günlərdə, hətta şənbə və bazar günləri də qəbul edir.

Şəhər sakinləri ilə yanaşı Rəcəb Babaşov kənd sakinlərinin də problemlərini öyrənir. Kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. Çünki cənab başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kəndə səfər edir. Kənd camaatı ilə görüşlər keçirir. Onların problemlərini öyrənərək tez bir zamanda həlli üçün müvafiq tapşırıqlar verir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır. Diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir. Sanki bu torpaqda doğulub, buranın suyunu içib, havasını alıb. Sanki uzaq bir səfərə gedib sonra öz doğma vətəninə, elinə - Qazaxa dönüb.

Rəcəb Babaşovun kənd sakinləri ilə görüşü birbaşa sərhəd kəndlərindən başladı. Burada o, problemlərin birbaşa həllinə keçdi. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində təhlükəli mövqedə, düşmənin atəş nöqtələrinə yaxın məsafədə yerləşən evlərin qarşısında hündür hasarlar çəkdirərək düşmənə sipər yaratdı. Hal-hazırda kənd sakinləri öz həyətlərində rahatlıqla məişət işləri ilə məşğul olurlar. Kənd sakinləri inanırlar ki, onların taleyi etibarlı əllərdədir. Öz kəndlərində rahat yaşaya bilərlər və onları heç bir təhlükə gözləmir.

Deyirlər insan şəraitdən asılıdır. Əslində şəraiti insan yaradır. Rəcəb Babaşov insanlara işləmək, fəaliyyət göstərmək, qurub-yaratmaq üçün şərait yaradır. Bu da rayon sakinlərinə necə deyərlər qol-qanad verir. İnsanları daha həvəslə, daha böyük ruh yüksəkliyi ilə çalışmağa sövq edir. Bu gün Qazaxda elə bir sağlam mühit yaranıb ki, insanlar bu mühitdə özlərini sözün əsl mənasında yaxşı hiss edirlər. Hər kəsin üzündə rahatlıq, məmnunluq, inam, etibar var.

İnam! İnsanı yaşadan, ona qol-qanad verən, qaranlıq gecələrdən işıqlı sabahlara çıxaran bir qüvvə. İnam! Hər bir çətinliyin öhdəsindən gəlməyə sövq edən, insanı insan kimi sınmağa qoymayan, içində bir ümid çırağı yandıran ilahi bir varlıq. Qoy bu gün rayonumuza qayıdan bu inam daimi, əbədi olsun. Qoy ömrümüzə, həyatımıza hər zaman şəfəq saçsın. Başımız üstündə alışan günəş kimi.


Elçin İSMAYIL
Geri qayıt