Əsas Səhifə > Rəsmi > Millətin vəkilliyindən Azərbaycanın təmsilçiliyinə doğru

Millətin vəkilliyindən Azərbaycanın təmsilçiliyinə doğru


9-03-2017, 11:48

Mehriban Əliyeva yeni fəaliyyət istiqaməti ilə ölkənin və xalqın inkişafına daha böyük töhfələr verəcək


Millətin vəkilliyindən Azərbaycanın təmsilçiliyinə doğru
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmin gün keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Ötən ilin sentyabrında Konstitusiyaya edilən dəyişikliklərdən sonra təsis olunan Birinci vitse-prezident vəzifəsi Prezident vəzifəsindən sonra gələn ali idarəçilik postudur. Dövlət idarəçiliyinin ən üstün pilləsində təmsil olunacaq bu şəxsin də Prezident qədər yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xüsusən də xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər yüksək səviyyədə Mehriban xanım Əliyevanın xarakterində və fəaliyyətində bütünlüklə əksini yüksək səviyyədə tapıb. Bu mənada Mehriban xanım Əliyeva siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğunu çoxdan təsdiq edib. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bu barədə dediyi kimi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb”.

Mehriban xanım Əliyevanın ictimai-siyasi və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Gimnastika Federasiyasının prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətçiliyimizin inkişafına, ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçməsinə xidmət edir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına yaxından dəstək verir, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və Azərbaycan həqiqətlərini dünyada tanıdır. Azərbaycanın Birinci vitse-prezidenti kimi isə Mehriban xanım Əliyeva öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bir hissəsi də siyasətlə bağlıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini olan Mehriban Əliyeva həm də 2005-ci, 2010-cu və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Azərbaycan-ABŞ və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının sədri kimi Azərbaycanın bu ölkələrlə əlaqələrinin inkişafına böyük töhfələr verib. Bu illər ərzində Mehriban Əliyeva Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərib. “Siz mənə səs verməklə sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” - deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut edib ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış etməsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyevin humanist siyasətinə sədaqət nümayiş etdirərək ulu öndərin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı Respublika Günü münasibətilə parlamentdə amnistiya aktı qəbul olunub. Bu nəcib təşəbbüs və hər bir amnistiya aktı geniş ictimai dəstək alaraq böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb. Bu amnistiya aktları ümumilikdə 40 mindən artıq şəxsə şamil olunub.

Mehriban Əliyeva Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil edir. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə və digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilib. Reallıq da göstərir ki, bu illər ərzində Xəzər rayonunun inkişafı üçün həqiqətən böyük işlər görülüb. Adıçəkilən qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəb təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, bəzi ərazilərə elektrik xətləri, qaz boruları çəkilib. Bu işlər ölkədə aparılan quruculuq, abadlıq prosesinə Mehriban Əliyevanın verdiyi töhfələrdir.

Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildiyinə görə Milli Məclisdə deputat kimi fəaliyyətini dayandıracaq. Bu günlərdə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanışlıq zamanı bu məsələyə toxunan Mehriban xanım Əliyeva ötən illər ərzində hər zaman seçicilərinin diqqətini, dəstəyini, sevgisini və hörmətini hiss etdiyini bildirərək onlara minnətdarlığını ifadə edib: “Mən yeni vəzifəyə təyin edildiyimə görə Azərbaycan Respublikasının Milli Məclisində öz fəaliyyətimi dayandırmalıyam. Mən 2005-ci ildən üç çağırış Milli Məclisdə sizin dəstəyinizlə fəaliyyət göstərmişəm, deputat kimi çalışmışam. Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm”.

Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə əməl edən Mehriban Əliyevanı seçildiyi seçki dairəsi üzrə daim məktəblərdə, uşaq bağçalarında, sadə adamların əhatəsində görmək olardı. Ona görə Mehriban xanım Əliyeva həm də bir deputat kimi seçicilərinin böyük rəğbətini qazanan, insanların etimadını doğruldan ictimai-siyasi xadimdir.

Artıq Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi dövlətimiz qarşısında yeni missiyası başlayıb. Özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyacaq. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycanın inkişafına daha böyük töhfələr verəcək.

“Azərbaycan”

Geri qayıt